Siyasət

Dünyadakı müharibələr kosmosda davam edəcək? – Böyük güclərin DƏHŞƏTLİ PLANI

“Rusiya peyklərə qarşı silahlar hazırlayır. Təhlükənin mahiyyəti haqqında dəqiq deyə biləcəyim informasiya məhduddur”.   Bunu Ağ Evin sözçüsü Con Kirbi bildirib. Onun sözlərinə görə, bunlar hələ işlək texnologiyalar deyil və istifadəyə verilməyib. Son günlər bu məsələ çox müzakirə olunur. Maraqlıdır, peyk müharibəsinin mahiyyəti nədir? Politoloq Tofiq Abbasov mövzunu Bizim.Media-ya şərh edib. O qeyd edib ki, kosmik fəzada hücum aktları həyata keçirilir:  “Çin, ABŞ, Rusiya bu prosesdə iştirak edib. Qarşıdurmanın kökündə duran əsas məqam casus vasitələrin fəaliyyəti məsələsidir. Peyklər uzaq məsafədən Yer kürəsini təqib edirlər, öyrənirlər, müşahidələr aparırlar, strateji silahların hansı istiqamətdə hərəkətlərinin təmin olunduğunu, ABŞ-ın, Çinin, Rusiyanın və digər ölkələrin ağırçaplı nüvə daşıyıcıları ilə təchiz edilmiş raketlərinin necə hərəkət etdiyini dəqiqləşdirirlər. Bu silahlar gün ərzində çox böyük məsafə qət edirlər, çünki bir yerdə dayana bilməzlər.  Digər tərəfdən, bu peyklər vasitəsilə fəzadan tikilən strateji obyektlərin nəzarəti həyata keçirilir. Məsələn, İranın nüvə obyektlərini ABŞ və İsrail məhz kosmosdan güdür. Orada dəyişiklikləri qeydə alırlar və riyazi düsturlarla nəticə çıxarırlar ki, İran hansı mərhələdədir, nə edə bilər və s. Pakistan və Hindistan arasındakı münaqişədə də bu məsələ özünü büruzə verir. Onlar da əzəli rəqibdirlər. Artıq fəza açıq qarşıdurma məkanına çevrilib. Rəqabət onun üzərinə qurulub ki, rəqiblərin potensial manevrlərinin qarşısı alınsın”.  O əlavə edib ki, Ukrayna müharibəsində Rusiyanın peyk məlumatlarına çox böyük ehtiyacı var: “Rusiyanın digər peykləri vurması ehtimalı yoxdur” deyə bilmərik. Sadəcə bu haqda qərar verilməlidir. Hansısa obyektin, peykin vurulması ilə bağlı əsaslı səbəb olmalıdır”.  Məhərrəm Əliyev, Bizim.Media