Siyasət

AYİB prezidenti: “Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndiririk”

“Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Orta Dəhliz layihəsinə böyük əhəmiyyət göstərir və bu çərçivədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirərək bu kimi layihələrdə iştirak etməyə hazırdır”. Bizim.Media xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso prezident İlham Əliyev ilə fevralın 16-da Münxendə görüşü zamanı deyib. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin həm Xəzər dənizində, həm də Qara dənizdə gəmi donanmasının artırılması layihələrində iştirakından məmnunluğunu ifadə edib.  Odil Reno-Basso vurğulayıb ki, AYİB, eyni zamanda, su resurslarının idarə edilməsi sahəsində də Azərbaycanın tərəfdaşı rolunda çıxış edir və bu istiqamətdə hökumətin həyata keçirdiyi layihələrə dəstək verməyə hazırdır. O, həmçinin COP29 çərçivəsində də AYİB–lə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin, bu xüsusda ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də AYİB tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırıb. Görüş zamanı Odil Reno-Basso dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib. Bizim.Media