Siyasət

Altılıq Platforması - Ermənistan sülhə gedir, Türkiyə zəmanət verir (ŞƏRH)

"Platformanın genişlənərək, altılıq çərçivəsinə gəlməsi üçün ilk növbədə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşmalıdır".   Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaq və ardınca da prosesə Ermənistan, Rusiya və İranın bu platformaya qoşula biləcəyi barədə fikirlərini şərh edərkən deyib. Mehman Əliyev qeyd edib ki, Gürcüstan, Türkiyə və Azərbaycan arasında real əməkdaşlıq artıq mövcuddur və bu əməkdaşlıq regional təhlükəsizlik, enerji layihələri, nəqliyyat, hərbi, iqtisadi sahələrdə real olaraq genişlənir: "Belə bir platforma çərçivəsinin genişlənməsi də gözləniləndir. Çünki bu platformada təcrübə var,  uzun müddətdir real hərəkət və iş gedir. Rusiya isə sistem çərçivəsində deyil. Onun Tiflislə münasibətləri fərqlidir. Moskva regional çərçivələrdə iştirak etmir. İran isə regionun altı dövlətilə ancaq iki tərəfli münasibətlərlə əlaqəlidir".    Həmsöhbətimiz bildirib ki, altı ölkənin yalnız 3-ü - Türkiyə, Azərbaycan və Gürcüstan bir-birilə regional layihələr səviyyəsində əməkdaşlıq edir: "Ona görə də Ankara başqa ölkələri də həmin regional çərçivəyə salmaq istəyir. Amma onun reallaşması yolunda bəzi problemlər var. Ermənistan da ona getməli, İran və Rusiya özünün böyük dövlət ambisiyalarından əl çəkməlidir".  Ekspertə görə, digər 3 ölkə psixoloji baxımdan prosesə hazır deyil: "Bu səbəbdən Türkiyənin həmin istəyi vaxt tələb edəcək. Altılıq Platformasına Tiflis ehtiyatla yanaşır. Amma onlar əvvəllər bu prosesdə ümumiyyətlə iştirak etməsələr də, son zamanlar iştirakın mümkünlüyündən danışırlar. Platformanın genişlənərək, altılıq çərçivəsinə gəlməsi üçün ilk növbədə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşmalıdır. Bu baş versə, Moskva və Tehranın prosesdə iştirakı daha da asanlaşacaq".  Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ölkəsinin prioritetinin Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaq oldununu deməklə yanaşı, Ermənistan, Rusiya və İranın daha sonra bu fəaliyyətə qoşula biləcəklərini söyləyib: "Əvvəla Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmi. Bunu daha çox işə salacağıq. Keçən  həftə Gürcüstanın xarici işlər naziri Ankarada idi. Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaq" Rüfət Sultan