Texnologiya

ABŞ süni intellekt çiplərinin Çinə ixracına məhdudiyyətləri sərtləşdirdi

Bu cümə günü, martın 29-da ABŞ prezidenti Co Baydenin administrasiyası ABŞ süni intellekt (Al) çiplərinin və çip istehsalı üçün alətlərin Çinə tədarükü ilə bağlı məhdudiyyətlərə yenidən baxıb. Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir. Nəşr izah edib ki, məhdudiyyətlər milli təhlükəsizlik məqsədilə tətbiq edilib. Qaydalar ilk dəfə 2023-cü ilin oktyabrında tətbiq olunub və "Nvidia" və digər şirkətlər tərəfindən hazırlanmış qabaqcıl Al çiplərinin Çinə tədarükünü dayandırmağa yönəlib. ABŞ qabaqcıl texnologiya sektorunun Çin ordusunun güclənməsinə töhfə verəcəyindən ehtiyat edir. Yeni məhdudiyyətlər cümə axşamı, aprelin 4-dən qüvvəyə minəcək. Eyni məhdudiyyətlər bu çiplərin olduğu noutbuklara da şamil olunacaq. "İxrac nəzarətinə nəzarət edən ABŞ Ticarət Nazirliyi bu tədbirləri gücləndirmək və təkmilləşdirmək məqsədilə Çinə texnologiya tədarükünə qoyulan məhdudiyyətləri yeniləməyi davam etdirməyi planlaşdırdığını bildirib", deyə "Reuters" əlavə edib. Nizami Bağırov