Siyasət

Bölgədə maraqları olan güclər sülh istəmir: Sərhəddə təxribatlar ola bilərmi?

"Qərb bölgədə təxribatların olmasında maraqlıdır. Bu təxribatlardan istifadə etməklə yenidən Rusiyanın Ermənistanın təhlükəsizliyini qoruya bilmədiyi düşüncəsini gündəmə atmaqla, sərhəddə yerləşdirilən Avropa İttifaqı missiyasının sayını artırmaq kursu götürəcəklər".   Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev deyib. Ekspert bildirib ki, bölgədə maraqları olan güclər Azərbaycanla Ermənistan arasında sülh əldə olunmasını istəmirlər: "Çünki onlar sülh prosesinə öz şərtlərini diktə etmək istəyir. Ermənistanda sülhə dirəniş göstərən revanşist qüvvələr, kilsə də var. Ermənistanın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə hazırlaşması daxili müxalifəti neytrallaşdırmaq cəhdi və kənar qüvvələrin istəklərinin yerinə yetirilməsinin imitasiyasıdır. Rusiya hakimiyyət nümayəndələri də bu arada Paşinyanla təzyiq dilində danışmağa başlayıb. Hər üç qüvvə - Fransa, ABŞ və Rusiya ermənilərlə xristian həmrəyliyi nümayiş etdirir. Paşinyan bir tərəfdən sülhə hazırlaşır, amma eyni zamanda daxildəki revanşistlərdən, geosiyasi qüvvələrdən qorxur. Yaxın gələcəkdə 4 anklav kəndin Azərbaycana qaytarılmasının şahidi olacağıq. Habelə bir sıra kənar qüvvələr maneə törətməsə, tezliklə sülh müqaviləsinin imzalanmasının da şahidi ola bilərik".   Ekspert qeyd edib ki, aprelin 5-dəki görüşdə kənar qüvvələr Paşinyana əlavə qanadlandırıcı dəstək verməsə, sülhün bağlanması ehtimalı daha da artacaq: "Qərb istəyir ki, bölgəmizdə hansısa təxribatlar olsun. Bu təxribatlardan istifadə etməklə yenidən Rusiyanın Ermənistanın təhlükəsizliyini qoruya bilmədiyi düşüncəsini gündəmə atmaqla, sərhəddə yerləşdirilən Aİ missiyasının sayını artırmaq kursu götürəcəklər". Qeyd edək  ki, aprelin 5-də Brüsseldə ABŞ, Aİ və Ermənistan baş nazirinin iştirakı ilə konfrans olacaq. Burada həmin qüvvələrin Ermənistana  təhlükəsizlik təminatı verəcəyi bildirilir. Bu ərəfədə isə Ermənistan özünün hərbi  təxribatlarını artırmaq kursu götürüb. Belə ki,  Ermənstan Azərbaycanla sərhəddə hərbi təlimlərə start verməyə hazırlaşır. Bunun üçün də sərhəd yaxınlığına bir sıra hərbi qüvvələri çəkib. Görünən odur ki, aprelin 5-i ərəfəsi ABŞ, Aİ və Ermənistan bölgədə hərbi təxribatın törədilməsində maraqlıdırlar. Rüfət Sultan