Siyasət
Zəngəzur dəhlizdən yükləri kim daşıyacaq? (ŞƏRH)
"Zəngəzur dəhlizi üzrə yüklərin daşınmasına nəzarətin İsveçrənin SGS şirkətinə həvalə edilməsi Azərbaycanı qane edə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib.
Mehman Əliyev bildirib ki, 10 noyabr bəyannaməsinə əsasən Zəngəzur dəhlizinə Rusiya nəzarət edir:
"İrəvan isə çalışır ki, ruslar oradan çıxsın. Ermənistan dəhlizə Moskva nəzarət etməsini arzulamır. Bunu heç kim istəmir, o cümlədən Qərb. İrəvan bu müstəvidə rusları çıxararaq, onu Qərblə əvəz etmək niyyətindədir. Zəngəzur dəhlizi üzərindən yüklərin daşınmasına nəzarətin İsveçrənin SGS şirkətinə verilməsi təklifi də məhz bu məqsədə xidmət edir".
Ekspert bildirib ki, sözügedən şirkətin Azərbaycanla əlaqələri mövcuddur:
"Müstəqilliyin ilk illərindən həmin şirkət ölkəmizdə fəaliyyət göstərir. Neft və qaz məsələsi üzrə yük daşımalarında həmin şirkət mühüm rol oynayır. Azərbaycan üçün əsas məsələ Zəngəzur dəhlizi üzrə yolun açılmasıdır. SGS-də etibarlı şirkətdir və uzun müddətdir ölkəmizlə yaxşı münasibətlər qurub. Bu mənada Zəngəzur dəhlizi üzrə təhlükəsizlik risklərinin idarə edilməsi və gömrük nəzarəti funksiyalarının həyata keçirilməsinin İsveçrənin SGS şirkətinə həvalə edilməsi Azərbaycanı da qane edə bilər".
Qeyd edək ki, erməni analitik Beniamin Poqosyan bu yaxınlarda Zəngəzur dəhlizilə bağlı məsələyə toxunarkən yaranmış vəziyyətdə həll yollarından biri kimi yol kommunikasiyalarında təhlükəsizlik risklərinin idarə edilməsi və gömrük nəzarəti funksiyalarının həyata keçirilməsi üçün prosesə üçüncü tərəfin, bu halda beynəlxalq nüfuzlu təşkilatın cəlb edilməsinin çıxış yolu ola biləcəyini bildirib. O qeyd edib ki, burada söhbət 2011-ci ildən Moskva və Tiflisin razılığı ilə Cənubi Osetiya və Abxaziya ərazisindən yükdaşımaların bərpası istiqamətində addımlar atan İsveçrənin SGS şirkətinin təcrübəsindən gedir. Erməni analitikin fikrincə, bu, müxtəlif aktorların narahatlığını azaldacaq və eyni zamanda Ermənistanın onun ərazisindən keçən kommunikasiyalar üzərində tam suverenliyini təmin edəcək.
Xatırladaq ki, Azərbaycan Zəngəzur dəhlizilə bağlı vaxtilə Litva və Rusiya arasında bağlanan Kalininqrad modelini təklif edib.
Rüfət Sultan