Siyasət

Ermənistanı nə gözləyir? - 5 aprel görüşünün gizli tərəfləri…

Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçirilən Brüssel görüşündə İrəvana maliyyə yardımın edilməsi qərara alındı. Rəsmi açıqlamaya görə, Avropa İttifaqı Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar pul ayıracaq. Bu yardım 4 il ərzində davam edəcək. Belə görünür ki, görüş Qərbin təqdim etdiyi kimi iqtisadi məqsəd daşıyıb. Halbuki, görüşdən öncə yayılan məlumatlar Brüsseldə Aİ və ABŞ-ın Ermənistanla hərbi pakt imzalayacağı yönündə idi.  Sual yaranır: Brüsseldə nə baş verdi? Rəsmi açıqlamalar hər şeyin iqtisadi dəstəkdən ibarət olduğunu göstərsə də, burada xüsusi bir məqam var: məsələ təkcə maliyyə yardımının edilməsi olsaydı, o zaman bu qədər həngaməyə nə ehtiyac var idi?  Əgər məsələ doğrudan da yalnız bir neçə yüz milyon avronun ayrılmasından ibarət idisə, bu formatda görüşün keçirilməsi şübhələr yol açır. Onsuz da hər il Aİ və ABŞ-dan Ermənistana müəyyən məbləğdə yardımlar ayrılır, bu dəfə də eyni addım atıla, doğrudan da məsələ iqtisadi dəstəkdirsə, bu yardımların miqdarı artırıla bilərdi. Bu məqamlar hər şeyin rəsmi açıqlamada deyilən kimi olmadığını göstərir. Bəllidir ki, görüşdə Ermənistanla Qərb arasında hərbi paktın imzalanması müzakirə olunub, sadəcə olaraq, bu planlar bir neçə yüz milyon avroluq yardımla gizlədilir.  “Politiko” saytının təqdim etdiyi sənədlər bunu təsdiq edir. Bu sənədlər görüş ərəfəsində Ermənistanın Aİ və ABŞ-a Azərbaycanın silahlanmasına dair “sənədlər” təqdim edib. Bu, Ermənistana lazım olan silah-sursatın təmin edilməsi məqsədi daşıyır.  Brüssel görüşündən bəhs edən sayt yazır ki, Ermənistan hökuməti Rusiya ilə əlaqələri kəsməyə çalışır. Şübhəsiz ki, 5 aprel görüşündə hərbi hədəflər əsas gündəm olub, iştirakçılar bunu “iqtisadi gündəm”lə gizlətməyə çalışsalar da.  Ermənistanın Qərb tərəfindən nəzarətə götürülməsi və bu ölkə üzərindən Cənubi Qafqaza müdaxilə etmək planı əvvəldən mövcud olub. Bu planı iki mərhələyə ayırmaq olar. Birinci mərhələdə Ermənistanın Gürcüstan üzərindən Qara dənizə çıxışını təmin etmək idi. Tbilisidə baş verən inqilab ssenariləri də bu plana daxildir. İkinci mərhələ Ermənistanın tamamilə Qərb tərəfindən nəzarətə götürülməsidir. 44 günlük müharibədən sonra Qərb ikinci planının praktiki olaraq işə salıb.  Təsadüfi deyil ki, ABŞ-ın regionda ən böyük səfirliyi Ermənistandadır, bu diplomatik korpusun 2 min nəfər əməkdaşı var. Bununla yanaşı, amerikalı hərbi instruktorlar, Pentaqonun nəzarət etdiyi xüsusi hərbiləşdirilmiş strukturlar Ermənistanda fəaliyyət göstərir. Brüssel görüşü də bu planın genişləndirilməsinə hesablanmışdı və məlumdur ki, hər şeyi “iqtisadi yardım” adı altında gizlədən Qərb Ermənistanın silahlandırılmasını müxtəlif formalarda davam etdirəcək.  Göründüyü kimi, 5 aprel görüşü ilə Ermənistan Qərbdən asılı vəziyyətə düşdü. Bu o deməkdir ki, İrəvan Qərbin diktəsi ilə hərəkət edəcək. Baş verənlər fonunda tarixi “Sevr” müqaviləsi yada düşür. Bir əsr öncə ermənilər müxtəlif vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girdi. Lakin həm məğlub oldular, həm də onlara verilən vədlər yerinə yetirilmədi. İndi də analoj hal yaşanır. Özünü tələyə salan Ermənistan bir əsr sonra da qonşu ölkələrə qarşı istifə edilir. Bütün bunlar Ermənistanın da Ukrayna, Suriya, Livan kimi ölkələrin taleyi ilə üzləşəcəyini deməyə əsas verir. Çünki Emənistan üçün ən yaxşı təhlükəsizlik modeli Azərbaycanın təklif etdiyi sülh modeli olsa da, İrəvan bundan imtina edərək, Qərbdən “mədət umur”. Bu da Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq, ciddi problemlər yaradacaq. Vasif Həsənli Demokrat.az xəbər portalının baş redaktoru