İsraillə İran arasında gərginlik səngimək bilmir. ABC telekanalının məlumatına görə, İsrail cavab zərbəsi olaraq İrandakı obyektə raket zərbəsi endirib. İranın “Fars” agentliyi isə İranın İsfahan əyalətində partlayış baş verdiyi ilə bağlı məlumat yayıb. Bildirildiyinə görə, raket zərbəsinin hədəfi həmin şəhərdəki hərbi aviabaza olub. Qeyd edək ki, burada şəhid Babai adına 8-ci taktiki aviabaza yerləşir.
İranın kosmik agentliyinin nümayəndəsi Hosseyn Dalirianın “X” səhifəsində yazdığına görə, ölkənin hava hücumundan müdafiə qüvvələri bir neçə pilotsuz uçan aparatı məhv edib. Fars News-un məlumatına görə isə İsfahanın mülki aeroportu yazınlığında partlayış səsləri eşidilib. Bununla yanaşı, əyalətdəki nüvə obyektləri hücuma məruz qalmayıb. Qeyd edək ki, aprelin 1-də İsrail Dəməşqdəki İran konsulluğuna zərbə endirir. Nəticədə iki yüksək rütbəli SEPAH zabiti olmaqla 11 nəfər öldürülür. Ardınca Tehran cavab zərbəsi olaraq aprelin 13-də İsrailə 200-dən çox raket və PUA-lar atır. Lakin bu cavab zərbəsi ciddi dağıntılara gətirib çıxarmır. Bundan sonra Təl-Əviv cavab zərbəsi endirəcəyini bəyan edir və son məlumata əsasən İsfahandakı hərbi obyektə zərbə vurur. Görəsən, yenidən artan gərginlik nə ilə yekunlaşacaq? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Tehranla Təl-Əviv arasındakı qaşıdurma hələ xeyli müddət tərəflərə baş ağrısı verməkdə davam edəcək: “İsrailin İrana cavab zərbəsi endirməsi gözlənilən məqam idi. İranın aprelin 13-də İsrailə zərbələrindən sonra belə bir cavab xarakterli addımın olacağı istisna edilmirdi. Amma bundan sonra İsrail İran qarşıdurmasında vəziyyət kifayət qədər gərginləşəcək. Nəzərə alaq ki, İranın dövlət siyasəti birbaşa İsraili bir dövlət olaraq məhv etmək üzərində qurulub. İranın siyasi təbliğatının kökündə də məhz İsrailə qarşı düşmənçilik dayanır. İranın bütün sahələrdə təbliğatı da bu müstəviyə yönəlib. O səbəbdən İranın İsrailə qarşı düşmənçiliyi bu səviyyəyə qaldırması vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarır. Belədə mövcud durum İran və onun proksi qüvvələrinin İsrailə qarşı fəaliyyətlərinin daha da çoxalmasına gətirib çıxarır. İrana bağlı proksi qüvvələr Yəmən, Livan ərazisindən İsrailə qarşı hücumları davam etdirir. İsrail İran qarşıdurması, İsrail Fələstin qarşıdurması qədər dərin köklərə malikdir. Ona görə də bu qarşıdurmanın hansısa bir formada tezliklə həll ediləcəyini gözləməyin özü absurddur”. Rüfət Sultan, Bizim.Media