“Azərbaycanın Qarabağ bölgəsinin ərazisini tərk edib Ermənistana getmək qərarı orada məskunlaşmış əhali tərəfindən könüllü şəkildə qəbul edilib. Baxmayaraq ki, Azərbaycan hakimiyyəti onlara dəfələrlə müraciət edib ölkəni tərk etməməyə çağırıb”. Bizim.Media xəbər verir ki, bunu Vatikanda işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov oranın yerli xəbər agentliyi “Servizio İnformazione Religios”a müsahibəsində bildirib. E. Əmirbəyov qeyd edib ki, bir gün davam edən antiterror əməliyyatından dərhal sonra Ermənistanın bizə qarşı başlatdığı dezinformasiya kampaniyasına baxmayaraq, Azərbaycan yerli mülki əhaliyə orada qalıb, qanunlarımız çərçivəsində dinc şəkildə cəmiyyətimizə inteqrasiya etməyi təklif edib: “Lakin həqiqət ondan ibarətdir ki, gedənlərin bir çoxu, Azərbaycanın həmin regionunda ermənilərlə azərbaycanlıların dinc yaşamalarına qarşı çıxan yerli qanunsuz separatçıların liderləri tərəfindən əslində buna israrla sövq ediliblər”. Azərbaycan hakimiyyətinin daha öncəki fürsətlərdə də dəfələrlə bəyan etdiyi kimi, erməni və ya azərbaycanlı olmasından asılı olmayaraq bütün köçkün əhalinin öz evlərinə könüllü qayıtmaq hüququna qarşılıqlı əsasda hörmət edilməlidir. Unutmayaq ki, 1980-ci illərin sonlarında münaqişənin lap əvvəlində Ermənistanda 250 mindən çox mülki azərbaycanlı etnik təmizləməyə məruz qalıb”. Bizim.Media