Siyasət

Ərdoğan Konstitusiyanı niyə dəyişir? (ŞƏRH)

"Yeni Konstitusiyada ciddi dəyişikliklərin olacağını gözləmirəm”.   Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni Konstitusiya zəruriliyi barədə fikirlərini şərh edərkən deyib. "Artıq hökumət bu istiqamətdə işə başlayıb. Parlamentin spikeri Numan Kurtulmuş hazırda siyasi partiya sədrləri ilə görüşlər keçirir. Prezident Ərdoğanın CHP sədri Özgür Özəllə görüşünün bir səbəbi də bu idi. Ərdoğan 1980-ci sentyabrında baş verən hərbi çevrilişdən sonra qəbul olunmuş Konstitusiyanı dəyişmək istəyir. O, mövcud Konstitusiyanı çevriliş dövrü sənədi adlandırır və ölkənin yeni reallıqlarına görə Konstitusiyanın da dəyişməsinin labüd olduğunu qeyd edir”, ekspert bildirib. Kənan Rövşənoğlu bildirib ki, müxalifət yeni dəyişikliklərə razı deyil: ”Onlar hesab edirlər ki, yeni Konstitusiya respublikanın dünyəvi əsaslarını zəiflədə bilər. Digər tərəfdən isə yeni Konstitusiya Ərdoğana yenidən prezident seçilmək şansı verir. Əsasən bu iki səbəbə görə müxalifət məsələyə ehtiyatlı yanaşır. CHP sədri bildirdi ki, Konstitusiyanı dəyişmək yox, mövcud əsas qanunun müddəalarına əməl etmək, Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmək lazımdır”.    Həmsöhbətimiz yeni Konstitusiyada çox ciddi dəyişikliklər olacağını gözləmir: "Onsuz da AKP mövcud Konstitusiyanın bir çox maddələrini dəyişib, ölkə prezident üsul-idarəsinə keçib, bir çox köklü dəyişikliklər edilib.  Başörtüyü kimi məhdudiyyətlər indi formaldır, buna onsuz da müxalifət də etiraz etmir. Bu mənada düşünürəm ki, indiki vəziyyətdə müxalifət yeni Konstitusiyaya razılıq verməyəcək”.  Ekspertin fikrincə, hakimiyyət Konstitusiyanı referenduma çıxara bilsə, o zaman böyük ehtimalla qəbul olunacaq.  Qeyd edək ki, Ərdoğan ölkənin 1980-ci il hərbi çevrilişindən sonra qüvvədə olan Konstitusiyanı əvəz etmək üçün sivil Konstitusiyanın hazırlanması və qəbul edilməsinin zəruriliyini bəyan edib. Bu barədə  Türkiyə lideri sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib. Onun sözlərinə görə, mövcud Konstitusiya ilə  Türkiyə irəli gedə bilməz: "Yeni əsas qanunun qəbulu ilə türk demokratiyası çevriliş ənənəsinə son qoymalıdır. Yeni əsrdə Türkiyənin 85 milyonluq əhalisi üçün yeni sivil Konstitusiya idealının həyata keçirilməsinin zəruriliyinə inanıram. Gələcək nəsillər liberal Konstitusiya ilə idarə olunmağa layiqdirlər”.  Rüfət Sultan