Siyasət
Davudoğlunun Ermənistanla barışıq təklifi: Ərdoğanın cavabı nə olacaq? (ŞƏRH)
"Davudoğlu məsələyə bu tərzdə münasibət bildirməklə tələskənliyə yol verir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun Ərdoğan hökumətini İrəvanla diplomatik münasibətlər qurmağa çağırışını şərh edərkən deyib.
"Çünki Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanmadan Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurması ermənilərin əlinə yeni "kozır"ların verilməsinə gətirib çıxara bilər. Bu, eyni zamanda, Ermənistan üçün iqtisadi nəfəsliyin açılması demək olacaq. Belə olan halda, Ermənistan həmçinin Azərbaycanla danışıqlarda müəyyən dərəcədə mövqelərini gücləndirə bilər", deyə ekspert bildirib.
Həmsöhbətimizin fikrincə, Davudoğlunun açıqlaması daha çox daxili auditoriyaya hesablanlb:
"2011-ci ildə Türkiyə Ermənistanla münasibətləri yaxınlaşdırmaq fikrində olanların Azərbaycanla münasibətlərə zərbə vurması dövrünü yaşayıb. Ona görə də indiki vəziyyətdə Ankaranın Davudoğlunun təklifinə razılıq verməməsi daha məqsədəuyğundur. Ermənistandan tam olaraq bütün güzəştləri almadan, bu ölkə Konstitusiya dəyişikliyinə getmədən ona hansısa siyasi və iqtisadi nəfəsliyin verilməsi doğru yanaşma deyil. Faktiki münasibətlər qurula bilər. Amma onun hüquqi müstəviyə keçirilməsini doğru hesab etmirəm".
Qeyd edək ki, Türkiyənin sabiq baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Ərdoğan hökumətini Ermənistanla diplomatik münasibətləri normallaşdırmağa çağırıb. Bu fonda o, hər iki tərəfin sərhədləri açması, səfirliklərin yaradılmasını da təklif edib.
Türkiyənin "Milliyet" qəzetinin məlumatına görə, Davudoğlu deyib ki, Yaxın Şərqi ağuşuna alan yanğının Qafqaza da çatmasına imkan vermək olmaz.
Rüfət Sultan