"BMT baş katibi, bir sıra digər beynəlxalq təşkilatlar və hökumətlər Ermənistan və Azərbaycan arasında birbaşa aparılan danışıqlar nəticəsində əldə olunan son irəliləyişi alqışlayırlar". Bizim.Media report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı deyib. Səfir iki ölkə arasında münasibətlərin normallaşma prosesindən bəhs edib. "2020-ci ilin payızından regionumuzda baş verən hadisələr Ermənistanın Azərbaycan ərazilərinin 30 illik işğalının başa çatması, regionda davamlı sülh, sabitliyin bərpa olunması ilə Birləşmiş Millətlər Təşkilatının, beynəlxalq humanitar, insan hüquqları, Şura tərəfindən 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrə tam uyğun olaraq ölkəmin suverenliyinin, ərazi bütövlüyünün bərpası ilə yekunlaşıb. Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər regionda çoxdan gözlənilən davamlı sülh və sabitliyə ümid yaradır", - deyə diplomat qeyd edib. Bizim.Media