Texnologiya

Maskın şirkəti süni intellektin inkişafı üçün 6 milyard dollar cəlb etdi

İlon Maskın xAI şirkəti vençur firmaları "Andreessen Horowitz” və "Sequoia Capital”ın dəstəyi ilə 6 milyard dollar cəlb edə bilib. Bu barədə Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir. Mayın 26-da elan edilən vəsait toplama kampaniyası xAI-nin debütündən bir ildən az müddət sonra həyata keçirlib və süni intellekt alətləri sahəsinə ən böyük investisiyalardan birini qeyd edib. Maskın süni intellekt layihəsi, əvvəllər "Twitter" kimi tanınan sosial şəbəkə olan X.com ilə sıx bağlıdır. Toplanan vəsait ilk xAI məhsullarını bazara çıxarmaq, qabaqcıl infrastruktur qurmaq və gələcək texnologiyaların tədqiqatını və inkişafını sürətləndirmək üçün istifadə olunacaq. "Yaxın həftələrdə daha çox məlumat veriləcək", - deyə Mask X-də yazıb.  xAI son vəsait toplama kampaniyasından sonra onun neçəyə qiymətləndirildiyini açıqlamasa da, digər media xəbərlərində şirkətin 18-24 milyard dollar arasında qiymətləndiriləcəyini ehtimal edilib.  Qeyd edək ki, süni intellekt yarışı qızışır, bir neçə investor "OpenAI" kimi bazar liderləri ilə rəqabət aparmaq istəyən startaplara böyük məbləğlər ayırır. 2022-ci ilin sonunda "ChatGPT" təqdim etməzdən əvvəl Mask "OpenAI"ni dəstəkləyərək süni intellektin ilk tərəfdarlarından olub. Daha sonra o, şirkətdən çıxıb və potensial təhlükələrə görə texnologiyanın diqqətlə inkişaf etdirilməsinin zəruriliyindən danışıb.  Nizami Bağırov