İllər əvvəl Azərbaycan mətbuatında yayılan xoşagəlməz bir tendensiya yəqin ki, əksəriyyətimizin yadındadır. Belə ki, “reket jurnalistika”nın mətbuatımıza ayaq açdığı vaxtlarda bir çox məmurlar öz çirkin məqsədləri üçün onlardan istifadə edirdilər. Xüsusilə də, kimlərisə hədəf almaq, öz aralarındakı haqq-hesabları çürütmək üçün həmin “reket”lərin xidmətlərindən geniş istifadə olunurdu. Bu, daha çox Ramiz Mehdiyev-Əli Həsənov tandeminin və Eldar Mahmudovun taktikasına çevrilmişdi. Onlar hədəf aldıqları məmurlara qarşı bu yola əl atırdılar. Bu şəxslər özlərinə rəqib gördükləri məmurların quyusunu qazmaq üçün əl altından bəzi xırda qəzetlərə, sonrakı dövrdə isə saytlara kompromat məlumatlar sızdırır, şantaja əl atırdılar.
Lakin son 4-5 il ərzində həmin məmurlardan bir çoxu vəzifələrini itirdilər. Üstəlik, mediamızın inkişafı istiqamətində də mühüm islahatlar aparıldı. Nəticədə, mətbuatımızda əvvəlki dövrlərin şantaj metodları böyük ölçüdə aradan qalxdı. Köhnə taktika isə yeni üslubda özünü göstərməyə başladı... Təqribən elə həmin dövrlərdə, yəni 4-5 il əvvəl xaricdə özlərini “bloger” kimi təqdim edən şəxslər peyda olmağa başladılar. Onların fəaliyyəti isə rəzilliyinə görə “reket”ləri belə geridə qoydu. Bu şəxslər şantaj və böhtanlar bir yana, hətta açıq aşkar söyüşləri, ən rəzil təhqirləri belə öz ritorikalarına çevirdilər. Eyni zamanda, “Söyüş müxalifəti”nin “araşdırma”larını, “şok informasiya”larını izləyən oxucular da, yəqin ki, bir detalı çox aydın seziblər. Belə ki, həmin söyüşkən “bloqer”lərin əksər hallarda yaydığı məlumatlar hansısa məmurlarla bağlı insayder informasiyalar olur. Sual yaranır: onlara Azərbaycandan məlumat ötürülməsə, dünyanın o başında əyləşib, bu qədər informasiyanı necə əldə edə bilərlər? Təbii ki, mümkün deyil. Göründüyü ki, onlara bəzi məmurlar tərəfindən məqsədli şəkildə məlumatların ötürüldüyü şübhə doğurmur. Digər tərəfdən, məşhur məsəldə deyildiyi kimi, “havayı yem ancaq siçan tələsində olur”. Yəni, həmin o blogerlərə məlumatlar ötürənlər, böyük ehtimal ki, onları maliyyələşdirməklə də məşğuldurlar. Yoxsa, işi-gücü gündə 4-5 saat monitor qarşısında təhqirlər sovurmaqdan ibarət olan şəxslər gərək ki, indiyə kimi aclarından ölmüş olardılar. Həqiqətlər yavaş-yavaş üzə çıxır?
Şantaj elə bir çirkli oyundur ki, gec-tez oyunu quranların özlərini də hədəfə çevirir. Son dövrlərdə baş verənlər də bunun reallaşdığını göstərir. İlk “özünü yandıran” isə Tural Sadıqlıdır. “Fəaliyyət”inə görə ondan geri qalmayan Əfqan Muxtarlı ilə Tural Sadıqlı arasında son zamanlarda ciddi qarşıdurma müşahidə olunur. Baş verənlər fonunda tərəflər bir-birlərinin “paxır”larını üzə çıxarmağa başlayıblar. Onların uzun müddətdir davam edən atmacalarında isə iki məqam xüsusilə diqqət çəkir. Əfqan Muxtarlının “facebook” hesabında yazdıqlarına nəzər salaq: “Azərbaycan hakimiyyəti Avropda olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib. Hətta deyilənə görə bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm”. Tural Sadıqlının yazdıqları isə buna cavab mahiyyəti daşıyır:
“Mənim xaricdə belə etirazım varsa, düşünürəm ki, bu etirazı öz dilimizdə, öz hakimiyyət nümayəndəmizə etməliyəm və edirəm. Baxmayaraq ki, alman, ingilis, rus, ərəb dillərində danışıram və bunu etməyə imkanlarım da var. Əvvəllər bunu etmişəm. Lakin düşünürəm ki, səhv etmişəm”. Bu yazılanlardan aydın olur ki, “bloger”lər şantajla məşğul olduqlarını və bəzi məmurlarla yaxın bağlantılarının olduqlarını artıq etiraf edirlər. Belə olan halda başqa bir sual ortaya çıxır: Hansı məmurlar bu xain şəbəkə ilə iş birliyi içərisindədir?
Xaricdə oturub, təhqir və böhtanlar səsləndirməkdən başqa biri işi olmayan “bloger”lərin hansı yuvanın quşları olduqları onsuz da bəllidir. Bəs, onları öz məqsədləri üçün istifadə edən məmurlara nə deyək? Digər məmurlarla bağlı kompromatları həmin şəxslərə ötürən vəzifəlilərə nə ad verək? Yəqin ki, sözügedən məmurların adlarını da həmin blogerlər özləri yaxın vaxtlarda açıqlayacaqlar. Bunu biz yox, Əfqan Muxtarlının yazdıqları göstərir: “Tural, Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətçi, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?”.
Göründüyü kimi, həqiqətlər yavaş-yavaş üzə çıxır. Nə söyüşkən blogerlərin yalanları, nə də onlarla əlbir olan məmurların yalan və şantajları artıq işə yaramır. Yəni, Əli Həsənovun taktikaları iflasa uğradığı kimi, xaricdəki blogerlərin sonu da yaxın görünür... Bizim.Media