Siyasət

Türkmənistan Elmlər Akademiyasının prezidenti: “Ölkələrimiz arasında güclü dostluq əlaqələri var”

“Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin dəvəti ilə ilk dəfə Bakıda qonağam. Bizim birgə layihələrimiz var. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin açılışında iştirak etdik”. Bunu Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edən Türkmənistan Elmlər Akademiyasının prezidenti, professor Allaberdi Aşırov Bizim.Media-ya açıqlamasında deyib.  

O, iki türk dövləti arasında dostluq əlaqələrinin güclü olduğunu bildirib: “Biz həm də III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak etmək üçün gəldik. Festivala qatılan bütün şair və yazıçıları təbrik edirəm. Türkmən xalqının böyük şairi, milli şairi Məhtimqulu Fəraqi əsərlərində bütün dünya xalqlarına insanpərvərlik, ədalət aşılayıb. Onun kitabları 20-dən artıq ölkədə çap edilib, Azərbaycanda kitab sərgisində də Fəraqinin kitablarının, əsərlərinin sərgilənməsi bizi duyğulandırır, qürurlandırır.  Azərbaycanda da Məhtimqulu Fəraqinin kitabları bir neçə dəfə çap edilib. Biz Azərbaycan xalqına, Milli Elmlər Akademiyasının alimlərinə təşəkkürümüzü bildiririk. Azərbaycan və Türkmənistan dostluğunu güclü edən Türkmənistanın prezidenti Sərdar Berdiməhəmmədov və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Bu festivalın təşkili üçün hər kəsə təşəkkür edirəm”. Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media