Siyasət
Sülh sazişi COP29-a qədər imzalana bilər? (ŞƏRH)
"COP29-a qədər sülh və ya çərçivə sazişinin imzalanacağı istisna deyil, amma bu məsələ Ermənistanda cərəyan edən proseslərdən asılıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə Bakıda keçiriləcək COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivindən danışarkən deyib.
Ekspertin fikrincə, Qazaxın 4 kəndi Azərbaycana qaytarıldıqdan sonra baş verən proseslər onu deməyə əsas verir ki, COP29-a qədər Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalana bilər:
"Bunu istisna etmək olmaz. Ən azından çərçivə sazişinin imzalanması mümkündür. Bununla bağlı hər iki tərəfdən müsbət mesajlar da verilib. Hesab edirəm ki, Ermənistanda Paşinyanın yürütdüyü siyasəti önləyə biləcək proseslər baş verməsə, böyük ehtimalla COP29-a qədər ən azından çərçivə sənədinin imzalanması mümkün olacaq. Hətta Paşinyanın COP29-a dəvət edilməsi və tədbirdə onun da iştirakı məsələsi gündəmdədir".
Bununla yanaşı, həmsöhbətimiz deyir ki, COP29-a qədər sülh sazişinin imzalanıb imzalanmayacağı məsələsi əsasən Ermənistanda cərəyan edən hadisələrdən asılıdır:
"Hazırda Ermənistanda Paşinyana qarşı etiraz aksiyalarının getdiyini də diqqətdən qaçırmamalıyıq. Bu aksiyaların da daha çox kənardan idarə olunduğu qənaətindəyəm. Bu baxımdan, görünən odur ki, sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan qüvvələr hərəkətə keçib. Onlar çalışırlar ki, gərginlik yaratmaqla tərəflər arasında normallaşmaya əngəl olsunlar. Lakin etiraz aksiyaları tədricən səngiməyə doğru gedir. Etirazçıların arxasında elə də böyük güc yoxdur. Ona görə də sülhün əldə olunmasına qarşı olan qüvvələr nə qədər çabasalar da Paşinyanın qarşısını ala bilməyəcəklər. Bir müddətdən sonra aksiyalar tamamilə sönəcək. Nəticədə münasibətlərin normallaşması istiqamətində hər iki tərəfdən müsbət mesajlar izləyəcəyik".
Qeyd edək ki, Qazaxın 4 kəndinin qaytarılmasından sonra Bakıda olacaq COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalana biləcəyilə bağlı optimist fikirlər artıb. Tərəflərin davranışı prosesin məhz bu istiqamətdə getdiyini göstərir. Azərbaycan sülh sazişi imzalamağa hazır olduğunu hər zaman bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan da ötən gün Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanmasının mümkün olduğunu deyib. Paşinyan qeyd edib ki, tərəflər mətn üzərində işi tam başa çatdırmağa nail olduqdan sonra yer və vaxt üzərində məsələlər daha ətraflı müzakirə oluna bilər. Onu da xatırladaq ki, COP29 tədbiri bu ilin noyabrın 11-25 arasında keçiriləcək.
Rüfət Sultan