İyunun 3-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Təşkilat Komitəsinin dördüncü iclası keçirilib. Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sonuncu iclasdan keçən müddətdə COP29 üzrə Tədbirlər Planının icrası istiqamətində görülmüş işlər barədə məlumat verib. Təşkilat Komitəsinin sədri bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqlim dəyişmələri ilə qlobal mübarizədə nümunəvi liderlik nümayiş etdirir. Samir Nuriyev vurğulayıb ki, Prezident İlham Əliyevin müxtəlif çıxış və müsahibələrində açıqladığı vacib istiqamətlər, səsləndirdiyi tezislər Azərbaycanın COP29 üzrə fəaliyyətinin əsasını təşkil edir və dövlət başçısının inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələri kontekstində üzləşdikləri problemlərin həllinin ölkəmizin prioritetlərindən biri olaraq bəyan etməsi beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb. Samir Nuriyev şəffaflığın və inklüzivliyin təmin edilməsi məqsədilə keçən aylar ərzində COP29 komandası tərəfindən müxtəlif danışıqlar qrupları ilə çoxsaylı məhsuldar görüşlərin və məsləhətləşmələrin keçirildiyini, onların mövqeyinin və COP29-dan gözləntilərinin öyrənildiyini, Azərbaycanın müzakirə olunan mövzular ətrafında qlobal həmrəyliyin və konsensusun formalaşdırılması istiqamətində çalışdığını vurğulayıb. Bu gün öz işinə başlayan Bonn İqlim Dəyişmələri Konfransına toxunan Təşkilat Komitəsinin sədri bildirib ki, artıq ölkəmiz COP29 sədrliyinin fəal fazasına daxil olur və dövlət qurumları COP29-un uğurla keçirilməsi üçün səylərini daha da artırmalıdır. Vətəndaş cəmiyyətinin də proseslərə töhfə verdiyini qeyd edən Samir Nuriyev bu xüsusda, Afrikanın 130-dək QHT-si və İtaliyada G7 Vətəndaş Cəmiyyəti Sammitində iştirak edən bir sıra QHT-lər tərəfindən COP29-un ev sahibi kimi Azərbaycana dəstək bəyanatlarının verilməsini xüsusi olaraq qeyd edib. Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev COP29-a hazırlıqla bağlı ümumi gedişat və Bonn İqlim Dəyişmələri Konfransı barədə məlumat verib. Bildirib ki, konfrans çərçivəsində Azərbaycan tərəfindən COP29 sədrliyinin baxışı və təşəbbüsləri ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Xarici işlər naziri Ceyhun Bayramov müxtəlif ölkələr və danışıqlar qrupları ilə keçirilən görüş və məsləhətləşmələr, COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi, COP29-da qəbul edilməsi nəzərdə tutulan sənədlərlə bağlı son vəziyyət barədə danışıb. Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf SOCAR-ın yaşıl gündəliyi və fəaliyyət istiqamətlərində emissiyaların azaldılması barədə çıxış edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iqlim fəaliyyətində qadınların rolu barədə danışıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov COP29 zamanı gömrük məsələlərinin tənzimlənməsi, nümayəndə heyətlərinə və onlara məxsus yüklərə münasibətdə sürətli gömrük rəsmiləşdirilməsi prosedurlarının tətbiq edilməsi barədə çıxış edib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mehmanxanalar və digər yerləşmə yerləri, bu yaxınlarda istifadəyə verilmiş vahid onlayn rezervasiya platforması barədə məlumat verib. Milli Məclisin deputatı Könül Nurullayeva COP29-la bağlı parlament istiqamətində aparılan işlər, xüsusilə Parlamentlərarası İttifaqla əməkdaşlıq çərçivəsində keçiriləcək Parlament konfransı barədə danışıb. “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova qeyri-hökumət təşkilatlarının COP29-a töhfəsi barədə çıxış edib. İclasın sonunda COP29 Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davam etdirilməsi və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib. Bizim.Media