Rusiya-Ukrayna müharibəsi gün keçdikcə daha da gərgin hal alır. Döyüşlərin coğrafiyası genişləndikcə faciənin də miqyası daha da böyüyür. Amma təəssüflə deməliyik ki, aparıcı dünya dövlətləri bu dəhşətli müharibənin sonlanması üçün heç bir təşəbbüs göstərmirlər. Əksinə, ABŞ və Avropa dövlətləri müharibənin daha da genişlənməsi üçün Ukraynaya hər cür dəstəyi göstərir. Müharibə öz mahiyyətindən çıxır. Ən pisi də odur ki, bu müharibə bütün sahələri sirayət edib. Qərbdə rusofobiya ən pik həddə çatıb. Elə Ukraynada da vəziyyət fərqli deyil. Eyni soykökünə malik ukraynalılar və ruslar arasında nifrət müxtəlif üsullarla gücləndirilir. Guya ki, bu slavyan xalqları əbədi düşmən olublar və bundan sonra da belə olacaq. Bəzi dairələr bu nifrətin güclənməsi üçün ən müxtəlif yollara əl atırlar. Məsələn, bu günlərdə Ukrayna “Ukrayna Pravoslav Kilsəsi”ni hədəf alaraq Moskva ilə əlaqəli dini qrupların fəaliyyətini qadağan edən qanun qəbul edib. Ukrayna Ali Radasında 265 deputat bu qanunun qəbuluna səs verib. Baxmayaraq ki, Ukrayna Pravoslav Kilsəsi 2022-ci ilin fevral işğalından sonra Moskva ilə əlaqələrini kəsdiyini deyib. Lakin Kiyev bu iddianı şübhə altına alıb və kilsənin din xadimlərinə qarşı dövlətə xəyanət ittihamı da daxil olmaqla, onlarla cinayət işi açıb. Qeyd edək ki, qanun layihəsinin yaxın günlərdə qüvvəyə minməsi gözlənilir. Onu da xatırladaq ki, ötən həftə Ukrayna Ali Radası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ukraynalıları müharibə cinayətlərinə görə təqib etməkdən qoruyan düzəlişlə ratifikasiyasına səs verib. Göründüyü kimi, rəsmi Kiyev müharibənin daha da böyüməsi və bunun dini, etnik zəminə keçməsində çox maraqlıdır. Ukrayna üçün seçim imkanı yoxdur. Qərb Ukrayna hakimiyyətini sona qədər müharibəni davam etdirməyə sövq edir. Lap, bu müharibə Ukraynanın məhvini labüd etsə belə… Bütün bu proseslərsə onu göstərir ki, vəziyyət çox qorxunc məcrada inkişaf edir. Baxmayaraq ki, az da olsa sülh çağırışları olur. Məsələn, Belarus lideri Aleksandr Lukaşenko NATO-nun Ukraynaya daxil olduğu təqdirdə nüvə silahından istifadə olunacağını və Üçüncü Dünya Müharibəsinin başlayacağını iddia edib. O, bildirib ki, Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri görür və Belarus-Ukrayna sərhədinə mina və əsgər yerləşdirirlər. Lukaşenko NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalını da dəyərləndirib: “Əgər onlar (Qərblilər) NATO əsgərlərini göndərsələr, Üçüncü Dünya Müharibəsi başlayacaq. Çünki bu halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq, dəhşətli reaksiya veriləcək”. O, vəziyyətin gərginləşməsini istəmədiklərini vurğulayıb: “NATO ilə müharibə istəmirik. Ancaq bunu etsələr, başqa seçimimiz olmayacaq. Bizim yalnız bir xəttimiz var. O da dövlət sərhəddidir, onlar sərhədə ayaq basan kimi cavab olacaq”.
Sülh danışıqları niyə pozuldu? Nəzərə alaq ki, 2022-ci ilin martında Türkiyənin təşəbbüsü ilə Ukrayna ilə Rusiya arasında sülhün əldə olunması üçün proses başlamışdı. Lakin sonradan bu proses pozuldu. Bu barədə Rusiya Prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə bu günlərdə keçirilən görüşdə deyib ki, Qərb 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasının qarşısını aldı, əks halda münaqişə həmin ilin sonunda bitəcəkdi: “Cənab Conson (Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson - Qeyd) gəlib bunu təkcə öz təşəbbüsü ilə deyil, həm də əminəm ki, ABŞ administrasiyasının dəstəyi ilə həyata keçirdi. Mənim buna heç bir şübhəm yoxdur”. Onun sözlərinə görə, İstanbul sazişini Ukrayna tərəfi paraflayıb, bu da onlara uyğun olduğunu göstərir: “Ukrayna tərəfi və rəsmiləri açıq şəkildə bəyan ediblər ki, əgər onlar bu müqaviləni qəti şəkildə imzalasaydılar, müharibə 2022-ci ilin sonunda bitəcəkdi. Bunu biz demədik, Kiyevdəki Ukrayna rəsmiləri bunu açıq şəkildə dedilər”. Göründüyü kimi, Rusiya ilə Ukrayna arasında müharibənin sonlanması üçün Qərb bütün təşəbbüslərə qarşı çıxır. Bunun da bir çox səbəbləri var. Bu səbəblər barədə çox danışıldığı üçün məsələnin üzərində dayanmayacağıq. Lakin bir məqam xüsusi diqqət tələb edir. Bu da odur ki, ABŞ və Avropa sülh sazişini özlərinin maraqlarına uyğun imzalanmasını istəyir. Üstəlik də bu prosesdə əsas vasitəçi kimi özlərini görürlər. Lakin Rusiya Qərbin bütün təkliflərini birmənalı şəkildə rədd edir. Bu da ona görədir ki, rəsmi Moskva Qərbin obyektivliyinə və ədalətinə inanmır. Bəs, ədalətli və uğurlu vasitəçi kim ola bilər? Çox maraqlıdır ki, Rusiya ilə Ukrayna arasında münaqişənin sonlanmasında çoxları ən yaxşı vasitəçi statusunda Azərbaycanı görür. Bu barədə hər iki tərəfdə müəyyən fikirlər səslənir. Hətta bir çox beynəlxalq ekspertlər də Azərbaycan variantının üzərində dayanır. Məsələn, türkiyəli politoloq Engin Özer RİA Novosti-yə müsahibəsində bildirib ki, Ukrayna münaqişəsinin həlli üçün sülh danışıqları Bakıda keçirilə bilər:
O bildirib ki, hər iki tərəfin (həm Rusiya, həm Ukrayna - red.) etibar edə biləcəyi Azərbaycan bu ilin sonunda baş tuta biləcək sülh danışıqları üçün çox yaxşı platforma yarada bilər. Əslində, bu deyilənlərdə böyük həqiqət var. Çünki Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yüksək səviyyədədir. Üstəlik, bu münaqişədə Azərbaycanın heç bir gözləntisi yoxdur. Əksinə, münaqişə başlanan ilk gündən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suveren hüquqlarına hörmətlə yanaşıb. Ona görə də indiki məqamda bu münaqişənin sonlanması üçün ən etibarlı vasitəçi Azərbaycandır. Surxay Atakişiyev, Bizim.Media