Siyasət

Qaluzinin açıqlamasının arxasında nə dayanır? (ŞƏRH)

"Qaluzinin bu açıqlamasında Rusiyanın hiyləgərliyi, prosesə əngəl yaratmaq istəyi hiss olunur”.   Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzinin ölkəsinin bundan sonra da Azərbaycan və erməni xalqlarının barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həllərin axtarışına kömək etməyə hazır olduğu barədə şirnikləndirici fikirlərini şərh edərkən deyib. Q.Hüseynli bildirib ki, Rusiya Cənubi Qafqazda bütün mövqeləri uduzub: ”Ermənistanla Moskvanın münasibətləri korlanıb. Gürcüstanla da münasibətlər qaydasında deyil. Azərbaycan isə müstəqil siyasət aparır. Bakı və İrəvan sülhün heç bir vasitəçi olmadan iki dövlətin öz aralarında həllinə razılıq verib. Proses də hazırda bu istiqamətdə, özü də uğurlu şəkildə gedir. Kremldə oturanlar sanki yatıb birdən ayılır. Karasin deyir ki, Qarabağda konsulluq açmalıyıq. Qaluzin də vasitəçilikdən dəm vurur. Karasinin niyyəti odur ki, Rusiya pasportu verdikləri ermənilər yenidən Xankəndinə yığılsın. Qaluzin isə danışıqlar prosesinin Rusiyanın nəzarəti altına keçməsinə çalışır”.    Həmsöhbətimiz qeyd edir ki, Rusiya yürütdüyü avantürüst siyasətdən əl çəksə, Cənubi Qafqazın bu iki xalqı dil tapacaq: "Moskva Ermənistandakı "5-ci kolon” və agentləri vasitəsilə Paşinyanı devirmək istəyir. Rusiyanın heç bir sözünə inanmaq olmaz”.  Qeyd edək ki, TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin rəsmi Moskvanın Bakının İrəvanla barışığını dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Nazir müavini qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-11-də Qazaxıstanda sülh müqaviləsinin hazırlanması məqsədilə keçirilən görüşünü müsbət qiymətləndirir. Ardınca o vurğulayıb ki, Rusiya bundan sonra da ona iki qardaş xalqın barışmasına hərtərəfli dəstək verməyə, regionun bütün ölkələrinin təhlükəsizliyini, tərəqqisini təmin etmək üçün qarşılıqlı məqbul və balanslaşdırılmış həllərin axtarışına kömək etməyə hazırdır. Rüfət Sultan