Siyasət
Ermənistan XİN: Bir ay ərzində Azərbaycanla sülh sazişini imzalamağa hazırıq
İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır.
"Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının vaxtı yetişib. Ermənistan tərəfi onun yaxın bir ay ərzində başa çatdırılması və imzalanması istiqamətində konstruktiv və intensiv işləməyə hazır olduğunu ifadə edir”, - məlumatda qeyd edilib.
Vurğulanıb ki, Ermənistanla Azərbaycan arasında müzakirə olunan sülh sazişində tərəflərin ərazi bütövlüyünü tanıdığı və bir-birlərinə qarşı heç bir ərazi iddiası olmadığı açıq şəkildə qeyd olunub: "Sülh sazişi layihəsində həmçinin razılaşdırılmış müddəa var ki, tərəflərdən heç biri sülh sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün daxili qanunlarına müraciət edə bilməz”.
"Sazişin imzalanması və onun daxili prosedurlar vasitəsilə ratifikasiyası bu prinsipləri möhkəmləndirəcək. Müvafiq olaraq, hesab edirik ki, tərəflərin bütün narahatlıqlarının aradan qaldırılmasının ən aydın və birbaşa yolu Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh səhifəsini açacaq sazişin imzalanmasıdır”, - Ermənistan XİN-in bəyanatında bildirilib.
Daha əvvəl məlumat verilmişdi ki, Ermənistan Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.