Bizim.Media 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Nigar Ələsgərova ilə müsahibəni təqdim edir:
Redaksiya mənə deputatlığa namizədlərin birindən müsahibə götürmək tapşırığını verdikdə, dərhal anladım ki, seçim xüsusi olmalıdır. Bu, sadəcə bir namizəd deyil, səmimi maraq oyadan, enerjisi və məqsədlərinə çatmaqda sarsılmaz əzmi ilə heyrətləndirən bir şəxs olmalıdır. Sosial şəbəkələrdəki çoxsaylı seçkiqabağı reklam materallarını araşdırarkən düşündüyüm bir namizəd mənim diqqətimi çəkdi — gənc qadın, üç uşaq anası, uğurlu iş adamı, ictimai fəal və cəmiyyətimizin həyatını yaxşılaşdırmağa yönəlmiş bir çox layihələrin müəllifi və rəhbəri. Onun səmimiliyi, həyata keçirdiyi seçki kampaniyasının qeyri-adiliyi və cəsarəti ona seçicilərinin rəğbətini qazandıra bilmişdi. Qərara gəldim ki, məhz bu maraqlı insan mənim müsahibəmin qəhrəmanı olsun, oxucularımı onunla daha yaxından tanış edim, daxili dünyasını və siyasətə baxışlarını anladım. - Nigar xanım, ilk olaraq seçkiyə 3 gün qalmış, işinizin gur vaxtında, görüşlərin bir birini əvəz etdiyi bir məqamda mənim xahişimi yerə salmayıb müsahibə verməyə razı olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm. - Buyurun. Şəxsimə və kampaniyama maraq göstərdiyiniz üçün mən də Sizə təşəkkür edirəm. Bəli, seçkiyə saylı günlər qalıb, cədvəlim gərgindir, amma mətbuat nümayəndələri mənim üçün həmişə önəm kəsb edirlər. - Nigar xanım, internetdəki materiallardan əmin oldum ki, seçiciləriniz Sizi tanıyır və artıq, hətta sevirlər. Dairənizdə ən çox səs toplaya biləcək namizədlərdən biri, bəlkə də birincisisiniz. Bizim mediaresursun oxucuları isə Sizi tanımaq istəyirlər. Nigar Ələsgərovanı qısa olaraq necə təqdim edərdiniz? - 23 sentyabr 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Əslim Qubadlının Hal kəndindəndir, hər iki babam Qubadlıdandır. Mən də özümü Qubadlılı hesab edirəm. Gəncədəki Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Sonra Gəncə Dövlət Universitetinin tarix fakültəsinin bakalavr dərəcəsini almışam. Bundan sonra Türkiyənin qədim universitetlərindən biri olan İstanbul universitetində Biznesin təşkili və idarəolunması üzrə magistr dərəcəsinə yiyələnmişəm. Sonra Londonun İdarəetmə İnstitutunda ixtisasımı artırmışam. Ümumiyyətlə, Azərbaycanda və xaricdə çoxsaylı təlim və seminarlarda iştirak etmişəm. 2009-cu ildən etibarən biznes və ictimai fəaliyyətlə məşğulam. Ailəliyəm, 3 övladım var. - Üç övladınızın olması həm şəxsi, həm də peşəkar həyatınızı necə formalaşdırır? Ana və siyasi lider kimi balansı necə saxlayırsınız? - Əlbəttə, üç övladımın olması həm şəxsi, həm də peşəkar həyatıma əhəmiyyətli dərəcədə təsir edir. Ana olmaq, mənim üçün çox böyük məsuliyyət və sevgi mənbəyidir. Uşaqlarımla keçirdiyim hər an mənim üçün dəyərlidir və bu, həyatımın ən vacib hissəsidir. Bununla belə, bu mənə daha güclü olmağa, hər bir işimdə məsuliyyətli davranmağı öyrədir. Ana və siyasi lider kimi balansı saxlamaq üçün isə zamanımı düzgün bölmək və prioritetlərimi dəqiq müəyyən etmək məcburiyyətindəyəm. Ailəmin rifahını ön planda tutmaqla yanaşı, cəmiyyətin ehtiyaclarını da diqqət mərkəzində saxlamağa çalışıram. Bu balansı saxlamaq üçün daimi dəstək hiss etmək, düzgün planlamanı bacarmaq və qərarlı olmaq vacibdir. Mən hər zaman ailəmin dəstəyini hiss edirəm, bu isə mənə öz peşəkar fəaliyyətimdə daha çox uğur qazanmağa imkan verir. - Uğurdan söhbət düşmüşkən, Sizin üçün uğurun meyarları hansılardır? - Uğur mənim üçün yalnız maddi və ya karyera nailiyyətlərindən ibarət deyil. Mənim üçün uğurun əsas meyarları, cəmiyyətə fayda vermək, insanlara kömək etmək və onların həyatını daha yaxşı etməkdir. Uğur həm də ailədə xoşbəxt və sağlam münasibətləri qoruyub saxlamaq, ətrafımdakı insanların hörmətini və etibarını qazanmaq deməkdir. Ən əsası, mənim üçün uğur, öz prinsiplərimə sadiq qalaraq, qarşıma qoyduğum hədəflərə çatmaqdır. - Hədəflərdən biri də, yəqin ki, seçkilərdə iştirak edib deputat seçilməkdir. Aktiv ictimai xadim, uğurlu biznes xanımını siyasətə sövq edən əsas səbəblər hansılardır? - Doğrudur, seçkilərdə iştirak etmək və deputat seçilmək mənim üçün əsas hədəflərdən biridir. Uğurlu biznes kariyeram və ictimai fəaliyyətim məni daim insanlara kömək etməyə, onların problemlərini həll etməyə yönəltdi. Mən siyasətə qoşularaq, daha geniş miqyasda faydalı ola biləcəyimə inanıram. Qanunvericilik sahəsində dəyişikliklər etmək, insanların səsini eşitdirmək və onların hüquqlarını müdafiə etmək üçün siyasət ən effektiv vasitədir. Əsas məqsədim, yaşadığımız cəmiyyətin inkişaf etmiş və firavan olmasına töhfə verməkdir. - İnternetdə barənizdə araşdırma apararkən oxudum ki, siyasi kumiriniz var və o, Heydər Əliyev idi… - Mən həyatı, siyasəti dərk edəndən, anlayandan bu şəxsə qarşı böyük sevgim olub, ona, demək olar ki, pərəstiş etmişəm, onu dünya səviyyəli bir siyasətçi, lider kimi qəbul etmişəm. Yadımdadır, gənclik yaşlarımda gənclər təşkilatları Heydər Əliyev zirvəsinə yürüş təşkil etmişdilər, və mən, o zirvəni fəth edənlər arasında ən gənc iştirakçılardan biri idim.
Bundan başqa Heydər Əliyevə həsr olunan çoxsaylı maarifləndirici layihələr, forumlar həyata keçirmişik, sənədli film çəkmişik. 2023-cü ilin iyul ayında İstanbulda, noyabrında Ankarada, 2024-cü ilin aprel ayında İzmirdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının 100 illiyi münasibətilə Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə “İş dünyası 100 ilin zirvəsi” adlı 3 silsilə biznes forum-sərgiləri keçirmişik. Heydər Əliyevin 100 illiyi ilə bağlı Albert Lixanovun “Unudulmaz” kitabını 5000 tirajla çapına və Kitab Mərkəzində təqdimatına sponsorluq etmişik və s. Sual verə bilərsiniz ki, bəs niyə məhz Heydər Əliyev? Cavabım bu olacaq ki, onun liderlik qabiliyyəti, uzaqgörənliyi və xalqına olan xidmətləri hər zaman mənə ilham verib. Heydər Əliyev təkcə Azərbaycanın müstəqilliyini bərpa etməkdə deyil, eyni zamanda ölkəmizi sabitlik və inkişaf yoluna çıxarmaqda mühüm rol oynayıb. Mənim üçün onun əsas dəyərləri – xalqın rifahı, dövlətin gücləndirilməsi və ölkənin inkişafı – siyasətdə əsas məqsədlərimdir. Onun həyat və fəaliyyəti mənim üçün bir nümunədir, və mən də eyni dəyərlərə sadiq qalaraq, ölkəmə xidmət etməyə çalışıram. Onu da qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də müasir dövrün ən uğurlu siyasətçilərindən biridir. Onun uzaqgörən siyasəti, qətiyyətli addımları və xalqın maraqlarını hər şeydən üstün tutması sayəsində Azərbaycanımızın ərazi bütövlüyü bərpa edildi.
Bu nailiyyətlər isə onun haqqında çox mətləbləri üzə çıxarır: müasir Azərbaycanın dövlət başçısı olaraq İlham Əliyev, milli maraqları və ölkənin inkişafını prioritet olaraq görür, xalqın etimadını layiqincə doğruldur. Mən də bu dəyərlərə sadiq qalaraq, ölkəmə və xalqıma xidmət etməyi həyatımın ən vacib vəzifəsi hesab edirəm. - Nigar xanım, nə zaman özünüzü deputatlığa namizədlik üçün tam hazır hiss etdiniz? - Fəaliyyətimdə uğur qazanmağa başlayanda, nəticələr əldə etdiyimi və bu nəticələrin insanların həyatına müsbət təsir göstərdiyini görən an deputat kürsüsünə hazır olduğumu hiss etdim. Amma, namizədliyimi irəli sürməyə bu hiss bəlkə də kifayət etməzdi, əgər ətrafımdakı insanlar məni buna sövq etməsəydilər. Yaxınlarım, əməkdaşlıq etdiyim şəxslər, layihələrimdən fayda alan qruplar hər zaman, ələlxüsus da, Milli Məclisə növbədənkənar seçkilər elan edildikdən sonra “Onsuz da sən bu işləri görürsən, deputat seçil və daha geniş layihələr icra et, daha çox fayda ver” deməklə namizədliyimi irəli sürmək barədə qərarımı qətiləşdirdilər. Seçki kampaniyam zamanı seçicilərimlə keçirdiyim görüşlərim də onu deməyə əsas verir ki, düzgün qərar vermişəm, və seçicilərimin mənə ehtiyacları var. - Nigar xanım, seçki platformanızın əsas tezisləri nədən ibarətdir? Sizin dairənin seçicilərinin problemləri platformanızda əhatə olunurmu? - Bizim dairə ən çətin dairələrdən biridir. Belə ki, seçicilərim 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı səbəbindən yaşadıqları evlərini, var-dövlətlərini, mal-qarasını atıb Azərbaycanın müxtəlif ərazilərinə pənah gətirmiş şəxslərdir. Dairəmizdə 64 məntəqə var, və bu məntəqələr Bakı, Sumqayıt, Abşeron, Zəngilan, Gəncə, Şirvan, Sabirabad və digər yaşayış məntəqələrində yerləşir. Buna baxmayaraq, onların hamısının ümumi və həlli vacib əsas problemləri mövcuddur. Mən bu problemləri mühümlük dərəcəsinə görə sistemləşdirib platformamda 5 əsas istiqamət kimi qeyd etmişəm. Birinci istiqamət - Dövlət qurumları ilə seçicilərim arasında etibarlı və səmərəli körpü qurmaq. İkinci istiqamət - Zəngilan-Qubadlı seçki dairəsi hüdudları çərçivəsində seçiclərimin rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyət. Üçüncü istiqamət - Şəhid ailələrinin, qazilərimizin və müharibə iştirakçılarının problemlərinin həllində yaxından iştirak. Dördüncü istiqamət - Təhsil məsələlərinə dair təşəbbüslər. Beşinci istiqamət - Qadın və uşaqların hüquqlarının müdafiəsi. Əsas tezislər bunlardır, hər istiqamətlə bağlı mütəxəssislərin iştirakı ilə geniş proqram hazırlanacaq, həyata keçirilməsi üçün işçi qruplar yaradılacaq. - Çıxışlarınızın demək olar hamısında uşaq və qadınlara xüsusi yer ayırırsınız. Bu nə ilə bağlıdır və deputat seçildiyiniz təqdirdə bu sahədə hansı işlər görməyi planlaşdırırsınız? - Uşaq və qadınlara xüsusi yer ayırmağımın səbəbi, onların cəmiyyətin ən həssas və eyni zamanda, ən güclü üzvləri olmalarıdır. Uşaqlar bizim gələcəyimizdir, qadınlar isə bu gələcəyi formalaşdıran gücdür. Onların hüquqlarının qorunması, təhsil və sağlamlıq imkanlarının artırılması, sosial və iqtisadi baxımdan dəstəklənməsi mənim üçün çox önəmlidir.
Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini də xüsusilə qeyd etmək istərdim. Onun rəhbərliyi altında qadınların və uşaqların rifahı üçün həyata keçirilən layihələr, mənim üçün böyük bir ilham mənbəyidir. Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər, ölkəmizdə humanitar sahədə əhəmiyyətli irəliləyişlərə səbəb olub. Mən də bu xeyirxah işə öz töhfəmi vermək üçün, gələcəyimiz olan uşaqlarımızın və cəmiyyətimizin dayaq nöqtəsi olan qadınlarımızın hüquqlarını və rifahını daha da gücləndirmək üçün var gücümlə çalışacağam. - Seçicilərlə görüşlər keçirirsiniz. Bu görüşlərdən hansı təəssüratlarla ayrılırsınız? - Seçicilərlə keçirdiyim görüşlər mənə dərin təəssüratlar bəxş edir. Bu görüşlər zamanı insanların arzuları, narahatlıqları və ümidləri ilə tanış oluram. Hər bir söhbət, hər bir sual mənim üçün böyük əhəmiyyət daşıyır, çünki bunlar mənə onların gündəlik həyatı haqqında daha çox məlumat verir və onların problemlərinə həssas yanaşmağım üçün imkan yaradır. Bu görüşlərdən ayrıldıqda, mənim üzərimə düşən məsuliyyət daha da artır, amma eyni zamanda bu, mənə daha çox motivasiya verir ki, seçicilərimin etimadını doğruldum və onların səsini layiqincə müdafiə edim. Bilirsiniz, seçicilər istəyir ki, onları dinləsinlər. Uzun illərdir onlar bu imkandan məhrum olublar. İndi isə onlara pənah gətirən namizədlərə ürəklərini açırlar, dairədə yeniliyin zamanıdır deyirlər. Hər görüşümüzdən əvvəl seçicilərimin bədbinliyi görüşün sonuna nikbinliklə əvəz olunur.
Bu görüşlər, mənə daha çox güc verir və göstərir ki, doğru yoldayam. Seçicilərimin etimadını qazanmaq və onları layiqincə təmsil etmək üçün hər şeyə hazıram. Onların dəstəyi ilə daha güclü və firavan bir cəmiyyətin qurulması yolunda addımlar atmağa davam edəcəyəm. Bizim.Media