Dünya
Paris erkən seçkilərə görə Avropanın ən böyük birjası statusunu itirdi
Fransada növbədənkənar parlament seçkilərinin elan edilməsi ölkənin birjasına zərbə vurub və İngiltərədən bu titulu aldıqdan iki ildən az müddət sonra Avropanın ən böyük birjası statusunu itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makronun növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanatı ötən həftə fransız şirkətlərinin bazar kapitallaşmasının təxminən 258 milyard dollarını məhv edib.
Beləliklə, dövlət borcunun böyük sahibləri olan Societe Generale SA, BNP Paribas SA və Credit Agricole SA banklarının səhmləri hər biri 10%-dən çox dəyər itirib.
"Bloomberg"in tərtib etdiyi məlumatlara görə, ölkənin ümumi səhmlərinin dəyəri hazırda təxminən 3,13 trilyon dollardır və 3,18 trilyon dollar dəyərində olan İngiltərədən geri qalır.
Britaniya da özünün ümumi seçkilərinə hazırlaşır, lakin onun nəticələri müxalifətdəki Leyboristlər Partiyasının seçkilərdə geniş fərqlə öndə olması ilə daha stabil görünür.
Əlavə edilir ki, Fransada bazar strateqləri dövlət maliyyəsi və siyasətlə bağlı qeyri-müəyyənlik səbəbindən səhmlərə qayıtmaqda hələ əmin deyillər. Banklardan başqa, ödənişli yol operatorları Vinci SA və Eiffage SA, Makronun partiyasının gücünü itirəcəyi təqdirdə magistralların yenidən milliləşdirilə biləcəyi ilə bağlı narahatlıqlar səbəbiylə düşüb.
Xatırladaq ki, investorlar Fransa prezidenti Emmanuel Makronun növbədənkənar parlament seçkiləri təyin etmək qərarına tənqidlə cavab veriblər, çünki bu, ölkənin maliyyə vəziyyətinin daha da pisləşəcəyinə dair xəbərdarlıqları və hətta yeni avro böhranı qorxusunu artırıb.
Alpər