Siyasət

Orban: NATO Ukraynaya hərbi missiya hazırlayır

Macarıstanın baş naziri Viktor Orban Qərbin "çox yüksək qiymət” ödəyərək Rusiyanı məğlub etmək istəklərini ümidsiz adlandırıb. Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri "cəbhə xəttinə” yaxınlaşır və hərbi əməliyyatlara müdaxilə edir, Macarıstan isə bu yoldan əl çəkmək qərarına gəlib. Qaynarinfo "Oriqo”ya istinadən xəbər verir ki, bu barədə Orban "Kossuth” radiostansiyasına müsahibəsində bildirib  "Əgər kifayət qədər dəstəyimiz olsa, əyləci basa bilərəm və macarlar bu qatardan düşə bilər. Minimum məqsədə nail olundu, çünki Macarıstan NATO-nun Ukraynadakı missiyasında iştirak etmir”, - Orban deyib. Macarıstanın baş nazirinin sözlərinə görə, Qərb ABŞ-ın rəhbərliyi və Almaniyanın dəstəyi ilə bu istiqamətdə irəliləyir. Orban hesab edir ki, bu "müharibə qatarı” yalnız 2024-cü ilin payızında Donald Trampın ABŞ prezidenti seçilməsi ilə dayandırıla bilər. "NATO-dan heç kim Macarıstana Ukrayna münaqişəsinə girməsi üçün təzyiq etməyəcək. İndi bizi Brüsseldən müharibəyə sürükləməyə çalışırlar və biz də bu döyüşdə qalib gələcəyik”, - deyə Orban yekunlaşdırıb. İyunun 12-də NATO-nun baş katibi Yens Stoltenberq və Viktor Orban razılaşıblar ki, Macarıstan alyansın Ukraynaya yardım səylərində iştirak etməyəcək, lakin iyulda keçiriləcək sammitdə müvafiq qərarların qəbuluna mane olmayacaq. Orban daha sonra bildirib ki, NATO-nun növbəti baş katibi vəzifəsinə namizəd olan Niderlandın baş naziri Mark Rütte bu razılaşmanı qoruyub saxlamağa söz verib. Viktor Orbanın sözlərinə görə, Ukraynadakı missiya çərçivəsində NATO silah təchizatı üçün üç yeni baza yaratmağı planlaşdırır.  Nizami Bağırov