Siyasət

ATƏT-in yalanlarla dolu HESABATI – Təşkilat seçkilərlə bağlı qərəzli kampaniyaya HAZIRLAŞIR...

Məlum olduğu kimi, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərdə 125 dairə üzrə 1000-ə yaxın namizəd deputat mandatı qazanmaq üçün mübarizə aparacaq. Seçkilərin şəffaf keçirilməsi üçün yetərli şərait də yaradılıb. Belə ki, prosesi minlərlə yerli və xarici müşahidəçinin izləməsi gözlənilir. Seçkiləri izləyəcək xarici müşahidəçilər arasında ATƏT-in nümayəndələri də var. ATƏT-dən nə gözlənilir?  

ATƏT ilk dəfə deyil ki, Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün ölkəmizə gəlir. Lakin əvvəlki illərin təcrübəsi onu göstərir ki, bu təşkilatdan ədalətli yanaşma gözləməyə dəyməz. Çünki onlar hər zaman seçkilərdən sonra standart fikirlərlə bəzədilmiş hesabat təqdim edərək, “missiya”larını başa vurmaqla yadda qalıblar. Keçmiş təcrübələr onu deməyə əsas verir ki, ATƏT-in hesabatı hələ müşahidəçilər ölkəmizə gəlməzdən əvvəl hazırlanıb. Yəqin ki, müşahidəçilər də hazır hesabatı özləri ilə gətirib, seçkilərin bitməsini gözləyirlər. Böyük ehtimalla, sentyabrın 2-də ATƏT müşahidəçiləri mətbuat konfransı keçirib, bəlli hesabatı üzündən oxuyub, həyatlarına qaldığı yerdən davam edəcəklər. Hesabatda nələr öz əksini tapıb? Bunu bilmək üçün münəccim olmağa ehtiyac yoxdur. Əvvəlki hesabatda əks olunan məsələlər bu dəfə də ATƏT-in əsas tezisləri olacaq. Deyəcəklər ki, seçkilər azad keçirilmir, müxalifət prosesdə iştirak etmir, kampaniya dövründə çoxsaylı qanun pozuntuları qeydə alınıb, AŞPA müşahidə üçün dəvət olunmayıb, qadınlar seçkilərdə fəal iştirak etməyiblər və s. Öz iddialarına əsas kimi isə buradakı əlaltılarından istifadə edəcəklər. Onların həbsinə siyasi don geydirməyə çalışacaqlar, bunu söz azadlığının pozulmasına örnək kimi göstərəcəklər. Bütün bu iddialar niyə absurddur? - 125 dairənin hər birindən orta hesabla 8 namizədin mübarizə apardığı şəraitdə, seçkilərin azad keçirilmədiyini iddia etmək mümkündürmü? - Hər dairədə qadın namizədlər mövcuddur. Üstəlik, Prezident seçkilərində qadınların aktiv iştirakının xarici müşahidəçiləri belə təəccübləndirdiyini xatırlatmaq vacibdir. Belə vəziyyətdə qadınların qeyri-fəallığından danışmaq ağ yalan olar. - AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir. - Seçkilərdə 25 siyasi partiya iştirak edəcək ki, onlardan 24-ü müxalifət partiyalarıdır. Üstəlik sözügedən partiyaların hamısı bir neçə dairədən öz namizədlərini irəli sürüblər. Yəni, ATƏT-in müxalifətin seçkilərdə iştirak etməməsi ilə bağlı iddialarının da heç bir əsası ola bilməz. - ATƏT hesabatında seçki kampaniyasında qanun pozuntularının olduğunu iddia etsə, özünü təkzib etmiş olacaq. Çünki artıq təşkilatın müşahidəçiləri seçki dairələrini gəzib, heç bir pozuntunun qeydə alınmaması ilə bağlı rəylərini bildiriblər. ATƏT qərəzli yanaşmasından niyə əl çəkmir? ATƏT adından da göründüyü kimi, (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Avropanı əhatə edən təşkilatdır. Doğrudur, quruma digər qitələrdən də üzv olan ölkələr var. Ancaq bu qurumun mahiyyətinə kölgə salmamalı idi. Reallıqda isə vəziyyət fərqlidir. Elə, ATƏT-in Azərbaycana göndərdiyi müşahidəçilərin tərkibinə baxsaq, onlardan əksəriyyətinin ABŞ vətəndaşı olduğunu görə bilərik. Yəni, ATƏT faktiki olaraq ABŞ-ın oyuncağıdır. Amerikalıların seçki məsələsindəki ikiüzlülüyünü isə uzun-uzadı şərh etməyə ehtiyac yoxdur. 2020-ci il seçkilərindəki saxtakarlıq iddiaları, 2024-cü il seçkilərinə müdaxilə ola biləcəyi ilə bağlı Ağ Evin öncədən anons verməsi vəziyyəti göz önünə sərir. Belə bir ölkənin nümayəndələrinin verəcəyi rəyə necə güvənmək olar? Məqsəd nədir? Təbii ki, seçkiləri mümkün qədər mənfi, ədalətsiz formada təqdim edərək, “kozır” qazanmaq, sonradan isə onlardan Azərbaycana qarşı istifadə etmək ATƏT-in əsas məqsədidir. Bu cür qərəzli davranışının səbəbi Azərbaycanın ATƏT-in regiona müdaxilə rıçaqı olan Minsk qrupunu tarixə qovuşdurmasıdır. ATƏT hələ də bu məğlubiyyəti ilə barışa bilmir. Müşahidəçilərin seçkilərdən daha çox Qarabağdakı “erməni abidələri”nin qayğısına qalması da bunun sübutudur. Nəticə olaraq, ATƏT müşahidəçilərinin Azərbaycana niyə gəldikləri və nə edəcəkləri onsuz da bəllidir. Yəni, sentyabrın 2-də verəcəkləri nağıl dolu hesabatdan başqa ATƏT-dən nəsə gözləməyə dəyməz... Bizim.Media