Siyasət

“Ermənistanda Azərbaycanın maddi-mədəni irsi kütləvi şəkildə dağıdılıb” - Əziz Ələkbərov

"Ermənistandan azərbaycanlıların qovulmasından sonra oradakı Azərbaycan maddi-mədəni irsi kütləvi şəkildə dağıdılıb. Ermənistan hökuməti orada qismən salamat qalmış Azərbaycan abidələrini, o cümlədən, İrəvan şəhərində vaxtilə azərbaycanlıların yaşadığı, qədim arxitektura nümunələrinin olduğu Təpəbaşı məhəlləsini dağıtmaqdadır. Biz UNESCO-nu və beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməyə çağırırıq". Bizim.Media xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq konfransda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov deyib. O bildirib ki, deportasiya həm də qeyri-maddi mədəni irsimizə, o cümlədən, UNESCO tərəfindən bəşəriyyətin mədəni irsi kimi tanınmış Azərbaycan aşıq sənətinin mühüm mərkəzlərindən biri olan Göyçə aşıq məktəbinə böyük ziyan vurub: "Bunlara baxmayaraq, Qərbi azərbaycanlılar mədəni dəyərlərinə bağlılıqları və mətanətləri ilə öz qeyri-maddi mədəni irsini yaşadırlar. İcmamız çoxsaylı mədəni tədbirlər, konsertlər və festivallar təşkil edir. Bu tədbirlərdə xüsusilə gənc nəslin nümayəndələrinin fəal iştirakını görmək fərəh hissi doğurur". Məhərrəm Əliyev, Bizim.Media