Serbiya Prezidenti Aleksandr Vuçiç dünyanın böyük müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq edib. O deyib ki, Yaxın Şərqdə "Hizbullah" və İsrail arasında qarşıdurma, Aİ-nin Avropa Diplomatiyasına rəhbərlik etmək üçün Kaya Kallasın seçilməsi, eləcə də Qərb və Şərq ölkələrinin genişmiqyaslı silah alışı böyük müharibəyə hazırlıqdan xəbər verir. Vuçiçin sözlərinə görə, "Hizbullah" və İsrail arasında münaqişədən qaçmaq demək olar ki, mümkün deyil və hadisələrin bu cür inkişafı Qərb və Şərq ölkələrinin hərbi münaqişəyə cəlb olunmasına gətirib çıxaracaq. Vuçiçin fikrincə, Rusiya bütün mümkün vasitə və qüvvələrlə sona qədər mübarizə aparacaq. Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Üçüncü Dünya Müharibəsinin başlanması ehtimalı 50/50 faiz nisbətindədir: “Əslində təkcə Vuçiç deyil, son dövrlər bir çox digər siyasətçilər də Üçüncü Dünya Müharibəsinin başlana biləcəyi barədə anonslar verirlər. Onlar açıqlamalarında belə bir təhdidin real olacağını söyləyirlər. Daha əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidan, ondan sonrakı dövrdə Rusiya və Avropa rəhbərlərindən müxtəlif şəxslər dünya müharibəsi risk ilə bağlı ciddi xəbərdarlıqlar ediblər. Bütün bu açıqlamalar boşuna deyil. Həqiqətən də, hazırda Üçüncü Dünya Müharibəsinin baş verməsi ehtimalı kifayət qədər böyükdür. İsrail HƏMAS qarşıdurmasının arealı getdikcə böyüyür. İsraillə “Hizbullah” arasındakı qarşıdurmanın daha da kəskinləşdiyi və təhlükəli hala yaxınlaşdığını açıq şəkildə müşahidə edirik. Eyni zamanda, hələlik donmuş vəziyyətdə olan Çin Tayvan, Şimali Koreya ilə Cənubi Koreya arasındakı müharibə ocaqları da aktiv fazada qalmaqda davam edir. Bütün bu hadisələr ölkələrarası konfrontasiyanın, ziddiyyətli münasibətlər sisteminin dərinləşməsinə gətirib çıxarır”. Həmsöhbətimiz hesab edir ki, istənilən halda ayrı-ayrı şəkildə dünya müharibəsinin kiçik fraqmentlərini onsuz da müşahidə edirik: “Üçüncü Dünya Müharibəsinin başlanması ehtimalı mövcud durumda 50 faizdən heç də aşağı deyil. Yaxın gələcəkdə dünya müharibəsinin reallaşması ehtimalı 55-60 faiz civarındadır. Bu, dünya sərvətlərinin bölüşdürülməsindəki ədalətsizlik və başqa faktlar üzərindən daha da qızışdırılır”. Rüfət Sultan, Bizim.Media