Siyasət

"Avropa-Çin nəqliyyat dəhlizində Azərbaycan körpü rolunu oynayır" - Deputat

"Azərbaycanın tranzit və loqistika baxımından unikal imkanlara malik olması ŞƏT-in də diqqət mərkəzindədir". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin Astana səfəri və burada keçirdiyi görüşləri şərh edərkən deyib. "3-4 iyul tarixində dünyanın yeni güc mərkəzlərindən biri kimi formalaşmaqda olan ŞƏT-in Astana Zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət alıb. Azərbaycanın ŞƏT-in üzvü olmadığını nəzərə alsaq, ölkəmiz dialoq tərəfdaşı kimi tədbirə dəvət alıb. ŞƏT hazırda 3,5 milyard insanın yaşadığı arealı əhatə edir, dünyadakı ümimdaxili məhsulun dörddə biri istehsal olunur. Bu baxımdan Azərbaycan Prezidentinin təşkilatın tədbirlərinə dəvət alması tam məntiqli və əsaslıdır. Çünki ölkəmiz tranzit və loqistika baxımından unikal imkanlara malikdir. Son 20 ildə ölkəmizdə 19 min km-lik avtomobil yolu, 1400 km-lik dəmiryolu çəkilib", deyə Elman Nəsirov bildirib. Deputat qeyd edib ki, Xəzər akvatoriyasında Azərbaycanın 60-dan çox mülki gəmisi fəaliyyət göstərir: "İşğaldan azad olunmuş torpaqlarımızda min kilometrlərlə avtomobil yolu, yüz kilometrlərlə dəmiryolu çəkilməkdədir. Ölkəmiz Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında söz sahiblərindən biridir. Transxəzər nəqliyyat dəhlizinin işə düşməsində də Azərbaycanın töhfəsi böyükdür. Avropa-Çin nəqliyyat dəhlizində də Azərbaycan körpü rolunu oynayır".   Elman Nəsirov qeyd edir ki, ŞƏT-in Astana tədbirində əsas məsələlər çoxtərəfli dialoqun möhkəmləndirilməsi və bu kontekstdə dayanıqlı sülh və inkişafın təminatı məsələləri olub: "Bu baxımdan da Azərbaycanın çəkisi böyükdür. Azərbaycan Prezidentinin tədbir çərçivəsində dünyanın bir sıra aparıcı ölkələrinin liderlərilə görüşü də dediklərimizi təsdiq edir. İlham Əliyev Çin lideri Si Szinpinlə görüşərək, strateji əhəmiyətli sənəd imzaladılar. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması münasibətlərimizin sonrakı inkişaf üçün geniş imkanlar pəncərəsi açır. Bundan başqa, İlham Əliyevin Putin, Ərdoğanla olan görüşləri də nəticə etibarı ilə Azərbaycanın malik olduğu ciddi iqtisadi potensialın beynəlxalq aləmdəki mühüm çəkisi baxımından da olduqca əhəmiyyətlidir. ŞƏT ölkələri fərqindədir ki, Azərbaycan hazırda dünya miqyasında o qədər də böyük dövlət olmasa da, onun sözünün məna və çəkisi, regional və beynəlxalq təhlükəsizliyə töhfəsi böyükdür. Ona görə də bu səfər Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzu, ona olan böyük etimadın təsdiqi kimi də qiymətləndirilə bilər".  Qeyd edək ki, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də bu tədbirə qatılıb. Burada o, Çin, Türkiyə, Qazaxıstan, Pakistan və Rusiya liderlərilə müxtəlif görüşlər keçirib. Çinlə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında birgə bəyannamə imzalanıb.  Rüfət Sultan