Dünya

İran üçün son sınaq günü - Kim qalib gələcək? (ŞƏRH)

"İranda prezident seçkiləri önəmli olsa da, nominaldır. Ölkənin birinci şəxsi dini liderdir. Hər kəsə dini liderin kimliyi maraqlıdır".   Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu bu gün İranda keçirilən prezident seçkilərinin ikinci turunu şərh edərkən deyib.   Siyasi şərhçi bildirib ki, bu seçki bütün dünya, xüsusən də Qərb üçün, İsrail və Azərbaycan üçün də bu seçki çox önəmlidir: "Təbii ki, İranda keçiriləcək ikinci tur prezident seçkilərinin problemsiz keçəcəyinə hər hansı bir şübhəmiz olmamalıdır. Çünki İran nə qədər sıxıntılı ölkə olsa da, ən azı seçkilərin insidentsiz keçirilməsində yetərincə təcrübəyə malikdir. Digər tərəfdən, bu seçkilərdə fikir verməli olduğumuz əsas iki məqam var. Birincisi odur ki, sadəcə İran üçün deyil, eyni zamanda, bütün dünya, xüsusən də Qərb üçün, İsrail və Azərbaycan üçün də bu seçki çox önəmlidir. Önəmi odur ki, seçkilərdə islahatçı qanad ilə mühafizəkar qanad arasında rəqabət gedir. Hər iki namizəd yetərincə təcrübəlidir, siyasi xarizmaya malikdir. Amma bu gün onu görürük ki, İranın bir sıra eks dövlət rəsmiləri, Xatəmi, Zərif və digərləri islahatçı Məsud Pezeşkiana səs verəcəklərini açıq şəkildə bəyan edirlər".  Həmsöhbətimizə görə, bu da İran daxilində ciddi narazılıqdan xəbər verir: "Həmin narazılıq milli, dini, məzhəbi kəsimlər arasında deyil, eyni zamanda mühafizəkarların öz daxilində olan narazılığın açıq şəkildə üzə çıxmasıdır. İran mühafizəkarları iki hissəyə bölünür. Onların bir qismi birbaşa Əli Xameneinin oğluna tabe olanlardan ibarətdir. Digərləri isə hər nə qədər mühafizəkar olsa da, öz daxilllərində dəyişikliklərin olmasını istəyirlər".    Ekspertin fikrincə, prezident seçkilərində kimin qalib olmasından asılı olmayaraq, İranın xarici siyasət və digər atdığı addımlarda hər hansı bir dəyişiklik olmayacaq: "Xüsusən də nüvə məsələsində İranın hər hansı bir dəyişiklik edəcəyi mümkün deyil. Əksinə, mühafizəkarlar uduzacağı təqdirdə, İran nüvə proqramını daha aktiv hala gətirəcək. Hətta gələcəkdə İranda rejim dəyişikliyi ehtimalı olsa da belə, Qərb bu ölkəyə nüvə proqramını rahat şəkildə inkişaf etdirməyə imkan verəcək. Çünki ondan zamanında həm Pakistana qarşı, həm də ərəb dünyasını təhdiddə saxlamaq üçün istifadə olunacaq". Ekspert bildirib ki, bu gün İranda prezident seçkilərindən daha çox müzakirə olunan məsələ növbəti dini liderin kim olacağı məsələsidir:  "Əli Xamenei çox yaşlıdır. Hər kəs yeni dini liderin kim olacağını gözləyir. Məhz bu məsələ qat-qat strateji, önəmli və ağrılı nəticələrə gətirib çıxaracaq bir proses olacaq. Bu posta isə Xameneinin oğlu Müctəda Xameneinin gəlməsi ehtimalı yüksəkdir. O, Mahmud Əhmədinecatın prezident olduğu dövrdən ölkədə bir çox proseslərə idarə edir. Lakin daha sonra onunla Əhmədinecat arasında ciddi sıxıntı yarandı. Əhmədinecat onu hətta korrupsiyada ittiham etdi".  Qeyd edək ki, bu gün 5-də İranda prezident seçkilərinin ikinci turu keçirilir. Namizədlər islahatçı Məsud Pezeşkian və mühafizəkar qanadın nümayəndəsi Səid Cəlilidir.  Rüfət Sultan