Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Bizim.Media xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Astanada dostluğun və qardaşlığın nümunəsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüş məmnunluqla xatırlanıb, bundan sonra bu formatın davamlı olacağına əminlik ifadə edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyənin dövlət başçısının Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin vitse-prezidentinin təmsil edəcəyi vurğulanıb. Məhz Şuşa şəhərində 2021-ci ildə Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik əlaqələrimizin əsasını təşkil edən Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyəti vurğulanıb. Görüşdə ölkələrimiz arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Türk dünyasının birliyinin və həmrəyliyinin önəminə toxunulub. Söhbət zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətləri də müzakirə edilib. Bizim.Media