Siyasət
Bu rayonların icra başçısı yoxdur
Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib. Sözügedən vəzifəyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov gətirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi 1 ildir boş idi. 2023-cü ilin iyul ayında Əhəd Abıyev bu vəzifədən azad edilib və onun yerinə təyinat olmayıb.
Modern.az-ın məlumatına görə, 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamları ilə 6 rayona icra başçısı təyin edilib.
Belə ki, Naim Cahidzadə Sədərək rayonunun, Ovni Muradov Babəkin, Sahir Məmmədxanov Qusarın, Əziz Əzizov Beyləqanın, Adil Əliyev Suraxanının, Orxan Abbasov isə Daşkəsənin icra başçısı vəzifəsinə gətirilib.
Bununla da Azərbaycanda sadəcə iki rayonunda (şəhər) İcra Hakimiyyətinin başçısı vəzifəsi boş qalıb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov ötən ilin noyabr ayında, Culfanın icra başçısı Siyam Hacıyev isə iyul ayında işdən çıxarılıb və onların yerinə hələlik təyinat olmayıb.