Siyasət

Manaseryanın Cənubi Qafqazda vahid bazarın yaradılması ideyası realdırmı?

"İdeya məntiqlidir, ancaq Cənubi Qafqazda vahid bazarın yaradılması böyük oyunçularsız çox çətindir".  Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli "Alternativ” Analitik Mərkəzinin direktoru Tatul Manaseryanın "Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yol regionun üç ölkəsi arasında vahid ticarət bazarının yaradılmasından keçir" fikrinə münasibət bildirərkən deyib. "Cənubi Qafqazın iki ölkəsində - Azərbaycan və Gürcüstanda Türkiyə ixracat, idxal və investisiya qoyuluşunda böyük bazar payına malikdir. Türkiyə Cənubi Qafqazın bu iki ölkəsində böyük investisiya layihələrinin müəllifidir. Ermənistanla sərhəd açıldığı təqdirdə, Türkiyə bu ölkənin iqtisadiyyatında da sürətli şəkildə ciddi rol oynaya bilər. Çünki kiçik bazardır və Türkiyə şirkətləri asanlıqla bu ölkədə hakim mövqe tuta bilər", deyə Natiq Cəfərli bildirib. Bu səbəbdən həmsöhbətimizə görə, yalnız Türkiyənin koordinasiyası çərçivəsində Cənubi Qafqaz ölkələrinin vahid bazarının yaradılması daha asan və məntiqli görünür:  "Gec-tez sərhədlər açılacaq, İrəvanla Bakı və Ankara arasında münasibətlər də normallaşacaq. Bunun başqa alternativi yoxdur. Bu zaman daha böyük iqtisadi gücə malik ölkə regionun 3 ölkəsində vahid bazarın yaradılmasında kordinator rolunu oynaya bilər. Bu ölkə də Türkiyədir. Gec-tez bu baş verəcək. Vahid bazar ideyası gələcəkdə hər üç Qafqaz ölkəsinə ancaq divident gətirəcək".   Qeyd edək ki, erməni iqtisadçısı, "Alternativ” Analitik Mərkəzinin direktoru Tatul Manaseryan Cənubi Qafqazda uzunmüddətli sülhə gedən yolun regionun üç ölkəsi arasında vahid ticarət bazarının yaradılmasından keçdiyini bəyan edib.  Onun sözlərinə görə, vahid bazar Cənibi Qafqaz ölkələri üçün böyük əhəmiyyət daşıyır və bu ümumi bazar böyük xarici mərkəzlərlə bağlı olmamalıdır: "Gec-tez, Ermənistan, Gürcüstan və Azərbaycan bu ölkələrin heç bir strateji tərəfdaşı (Rusiya, ABŞ və Türkiyə) ilə əlaqəli olmayan vahid bazar yaratmalı olacaqlar. Bu ölkələr arasında qarşıdurma var və onlar heç vaxt ortaq məxrəcə gəlməyəcəklər. Bu ziddiyyətlərə görə Cənubi Qafqaz regionunda sabitlik olmayacaq, ona görə də ilk növbədə üç ölkə özləri oturub öz aralarında danışmalıdırlar”. Rüfət Sultan