Siyasət

Eks-nazir: “Həmsədrlər çıxırdılar otaqdan, erməni nazirlə oturub söhbət edirdik”

Xəbər verdiyimiz kimi, iyulun 18-də Britaniyada Avropa Siyasi Birliyinin növbəti sammiti keçiriləcək. Birliyin dördüncü sammitinə 47 dövlət və hökumət başçısı dəvət olunub. Dəvət olunanlar arasında Avropa İttifaqına üzv ölkələr, Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan və digər ölkələr var. Beləki, Azərbaycan və Ermənistan liderlərinin Londonda görüşə biləcəyi istisna edilmir. Bəs, Avropa Siyasi Birliyinin sammitində baş tutacaq görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı gözləntilər nələrdir?  Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarov demokrat.az-a açıqlamasında fikirlərini bölüşüb.  Elmar Məmmədyarov bildirib ki, ən yaxşısı Azərbaycan-Ermənistan sərhəddində baş tutacaq görüşdür: “Mən elə ilk gündən ən yaxşı formatın birbaşa görüş format olduğunu deyirdim. Sülh danışıqları başlayanda biz çalışırdıq ki, birbaşa danışıqlar aparaq. Mənim dövrümdə Minsk qrupu həmsədrləri oturanda tez-tez deyirdim ki, imkan yaradın, biz təkbətək danışaq. Beynəlxalq təşkilatda təsdiqlənmiş qurum idi. Həmsədrlər çıxırdılar otaqdan, erməni nazirlə oturub söhbət edirdik. Burada məntiq çox asandır. Çünki vasitəli görüşlərdə həmişə üçüncü tərəfin öz marağı olur. Məsələn, ABŞ, Rusiya, Fransa, Avropa İttifaqı iştirak etməsə də, gəlib izləyirdi. Onların öz milli maraqları vardı.  İkincisi, təkbətək danışanda bədən dili deyilən bir anlayış var, mimikadan, davranışdan qarşındakını bilirsən. Açıqlayırsan ki, onsuzda sən Qarabağı nə müstəqil şəkildə, nə də Ermənistana birləşdirə bilməyəcəksən. Bu, mümkün olan məsələ deyil. Təkbətək görüşlərdə hansısa inkişafa nail olmaq olar. Azərbaycan dəfələrlə bunu bəyan edib. Vaşinqtonda olarkən hörmət əlaməti olaraq Entoni Blinken dəvət elədi, görüş baş tutdu. İndi də London da belə təşəbbüs var. Bunlar hörmət əlaməti kimi qəbul olunmalıdır. Gərək ciddi görüşlər birbaşa olsun.  Üçüncüsü də, Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən və antiterror əməliyyatından sonra tam şəkildə nəzarəti ələ aldı. O zaman Ermənistanla nəyə görə kiminsə vasitəsi ilə danışaq ki?  Doğrusu, ən yaxşı variantı Qazaxıstan təklif etdi. Almata görüşündə Qazaxıstan tərəfi əvvəldən bəyan elədi ki, biz qarışmırıq. Təklif etdilər ki, sadəcə görüşü təşkil edirik, dəvət edirik, iki tərəf və ekspertlər bir yerdə oturub müzakirə edin. Çünki vasitəçi görüşlər digər ölkələrdə qısqanclıqla qarşılanır. Vaşinqtonda görüşürsən, Moskva və ya Brüssel qısqanclıqla yanaşır”.  Elmar Məmmədyarovun sözlərinə görə, Ermənistan öz konstitusiyasını dəyişməsə, sülh sazişi imzalamağın heç bir mənası yoxdur: “Sülh sazişinə gəlincə, ermənilər 1-ci növbədə öz qanunvericiliyində, konstitusiyalarında düzəlişlər etməlidir. Cənab Prezident təklif elədi ki, layihəni dəqiqləşdirək, mətni hazırlayaq, razılaşaq, sonra Ermənistan konstitusiyasını dəyişdirəndə sülh müqaviləsinə imza atarıq. Konstitusiyadan başqa onlarda Qarabağ ilə bağlı bəzi məqamlar var ki, mütləq dəyişdirilməlidir. Hamı bilir ki, Qarabağın büdcəsi Ermənistanın büdcəsinin bir hissəsi idi. Əvvəl deyirdilər ki, biz kredit veririk. Deyirdim, sən nəyin əsasında Qarabağa qanunsuz kredit verirsən və s. Bunlar tam şəkildə BMT qətnamələrinə ziddir. Artıq Azərbaycan "qırmızı xətt" çəkib. Ermənistanın konstitusiyası dəyişməsə, sülh sazişi imzalanmayacaq. Çünki sabah Ermənistanda revanşist qüvvələr sülh sazişini aparıb Ermənistanın Konstitusiya Məhkəməsinə deyəcəklər ki, misal üçün 1-ci bənddə filan maddə ziddir. Konstitusiya Məhkəməsi də baxıb təsdiqləyəcək. Ona görə də işimizi elə ehtiyatlı tutmalıyıq ki, bilmək olmaz sabah Ermənistanda hakimiyyətə kim gələcək. Bu gün Paşinyandır, sabah isə o birisi olacaq. Dəqiq bilmə bilmərik ki, başqası gələndə hansı mövqeyi tutacaq.  Cənab İlham Əliyev dedi ki, Ermənistan nə zaman konstitusiyasını ya parlament vasitəsi ilə, ya da referendum ilə dəyişdirər, Azərbaycan da o zaman sülh müqaviləsini imzalayar. Əslində, o sülh sazişi daha çox Ermənistanın milli maraqlarına uyğundur. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü ölkədir, onsuz da inkişaf etməkdədir”.  Bizim.Media