Siyasət
İrəvanda konstitusiya məsələsi 2026-cı ilə qalsa...
Ötən həftənin sonunda nəzərlər Böyük Britaniyaya, Avropa Siyasi Birliyinin dördüncü sammitinə yönəlmişdi. Təkcə ona görə yox ki, bu sammit çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşü təxmin edilirdi. Həm də ona görə ki, iki həftə bundan əvvəl Azərbaycan NATO-nun Vaşinqton sammitinə qatılmışdı.
Onun Avropa Siyasi Birliyinin də tədbirinə qatılması o demək oldu ki, Bakı təkcə Şərq istiqamətində, Şanxay Əməkdaşlıq Təşkilatı (Azərbaycan bu təşkilatda "müşahidəçi dövlət” statusu almaq istəyir!), indi də BRİKS səmtində geosiyasi axtarışlar və çabalar nümayiş etdirmir, yox, o, ABŞ-ı və Avropanı da unutmur, bu geosiyasi ünvanlara da biganə deyil, imkan daxilində onlarla da əməkdaşlığı davam etdirir.
Bunun özü çox müsbət bir haldır və bir daha göstərir ki, geosiyasi balanslaşdırma siyasəti özünü hələ tamam tükəndirməyib. Üstəgəl, Ermənistanın intensiv şəkildə Qərbə çıxış axtardığı vaxtda biz də bu nəhəng geosiyasi və geoiqtisadi düşərgəyə arxa çevriə bilmərik, ən azı ona görə ki, bu, Cənubi Qafqazdakı geosiyasi tendensiyalara adekvat siyasət olmaz.
Əlbəttə, burada belə bir məqamı da unutmaq olmaz ki, Ermənistanın Qərbə yönəlik siyasəti mövsümi xarakter daşıya bilər, çünki noyabrda ABŞ-da baş tutacaq prezident seçkiləri bu prosesə ciddi korrektələr edə bilər. Hazırda az qala, hər gün Donald Trampın qalib gələcəyi haqqında güman və proqnozlar artır. Ötən gün hətta Co Bayden namizədliyini geri götürüb və vitse-prezident Kamala Harris namizəd olub.
Donald Trampa gəldikdə isə, o, erməni lobbisinə bağlı adam deyil və biz bunu onun birinci idarəçiliyi dövründə gördük. Onun vaxtında Nikol Paşinyanı qəbul edən ən yüksək ABŞ vəzifəlisi Kaliforniya merinin müavini olmuşdu. Donald Tramp özünün keçmiş köməkçisi Con Bolton vasitəsilə N.Paşinyana ismarışını çatdırmışdı: vəziyyətinizin dəyişməsini istəyirsinizsə, regional siyasətinizi dəyişin!..
Odur ki, Donald Trampın dövründə Ermənistan yalnız bircə yolla diqqətdə qala bilər: sülhə sadiqliyini nümayiş etdirmək, Bakı və Ankara ilə yeni siyasət qurmaqla.
Paşinyan bunu anlayırmı? Belə diyilir ki, guya anlayır və buna görə də Rusiyaya çıxış saxlayır. Amma təzədən Rusiyaya üz tutmaq Paşinyana və o cümlədən də Ermənistana nə qədər sərf edir? Elə məsələ bundadır ki, əslində sərf etmir – V.Putin bağışlamağı sevmir. Üstəgəl, bu günlərdə nüfuzlu ABŞ sosioloji xidmətinin sorğularına görə rəyi soruşulan erməni əhalisinin yalnız 17 faizi ölkəsinin KTMT-də qalmasını istəmişdi! Zira, N.Paşinyan Qərb istiqamətində də ciddi və real addımlar atmağa ehtiyat edir. Məsələn, bu yaxınlarda bildirdi ki, Ermənistanda Avropa İttifaqına inteqrasiya ilə bağlı referendum keçirmək gözlənilmir.
Azərbaycanla sülhə gəldikdə isə, Böyük Britaniyada o, prezident İlham Əliyevlə görüşdən yayındı. Belə deyilir ki, guya onun danışmaq üçün daha predemti yoxdur – sülhün qarşısında konstitusiya islahatları kimi ciddi maneə var və erməni baş naziri bu yaxınlarda deyildiyi kimi, guya belə deyib ki, bu məsələyə 2026–cı ildən sonra baxa bilər. Amma danışıq üçün başqa bir predmet yoxdurmu? Niyə yoxdur? Zəngəzur kimi ciddi problem, daha dörd kənd məsələsi və sərhədlərin delimitasiyası kimi ciddi bir məsələ var – Ermənistanın Azərabaycanla min kilometrə qədər sərhədi var, amma bunun cəmi 10-20 kilometri razılaşdırılıb!
Belə deyilir ki, böyük ehtimalla, ABŞ-la bir az yaxınlaşmaq yenə də Paşinyanı havalandırıb. Amma bizə elə gəlir ki, məsələ təkcə Paşinyan cənablarında da deyil. Nikol cəhd edir, konstitusiyanı dəyişməyin zəruri olduğunu bildirir, hətta ölkədəki tarix dərsliklərinə baş vurur ki, nəyisə dəyişsin, erməniləri ağıllandırsın. Amma bu yaxınlarda amerikalıların keçirdiyi sorğuda cəmi üç faiz Nikol Paşinyanın konstitusiya ilə bağlı çağırışlarına dəstək verdi. Elə bunun özü çox şey demirmi?
Hüseynbala Səlimov