Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının iyulun 22-də keçirilən iclasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması barədə qərar verilib. Avropa Sülh Fondu tərəfindən göstərilən yardım Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək. Həmçinin gözlənilir ki, Aİ-yə üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin görüşündə viza rejiminin liberallaşdırılması məsələsi üzrə Avropa Komissiyası-Ermənistan dialoqunun başlanması təsdiqlənəcək. Dialoq başladıqdan sonra onun aparılması üçün əsas vasitə Ermənistan hakimiyyətinə təqdim olunacaq viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planı olacaq. Təbii ki, Ermənistana ayırılan 10 milyon avro regionda sülhə xidmət etməyəcək. Üstəlik bu, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin strateji xarakterinə mənfi təsir göstərəcək. Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, belə humanitar yardım əslində Azərbaycana göstərilməlidir: “Çünki minalardan əziyyət çəkən Azərbaycandır. Təsadüfi deyil ki, məsələ ilə bağlı Azərbaycan XİN bəyanat verib. Aİ yardımları paritet əsaslarla verməlidir. Əgər Ermənistana 10 milyon yardım edilirsə, bu Azərbaycan üçün də keçərlidir. Ona görə də Aİ-nin məsələyə birtərəfli yanaşması regionda gərginlik yaradır. Doğrudur, 10 milyon dollar elə bir böyük rəqəm deyil. Amma burda problem rəqəmlərdə deyil. Problem Aİ-nin ikili yanaşmasındadır. Azərbaycan minalardan əziyyət çəkir. Bu problemin həlli üçün Azərbaycanın da maddi dəstəyə ehtiyacı var”. Surxay Atakişiyev, Bizim.Media