Siyasət
Naxçıvan seçkiləri: Vasif Talıbov və oğlu yenidən namizəd olacaq?
Sentybarın 1-də Azərbaycan Milli Məclisinə seçkilər keçiriləcək. Qərarın açıqlanmasından sonra Naxçıvan Ali Məclisinin sədri də eybi tarixə seçkilər elan edib.
Qeyd edək ki, Naxçıvan Ali Məclisinə namizədlər 45 mandat uğrunda mübarizə aparacaqlar. Hakim Yeni Azərbaycan Partiyası (YAP) hələlik Naxçıvan Ali Məclisinə namizədlərini irəli sürməyib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq YAP-ın Naxçıvan təşkilatından məlumat verilib.
Rəsmi məlumata görə, Naxçıvan Mərkəzi Seçki Komissiyasının sonuncu iclası Əjdər Əliyevin sədrliyi ilə iyulun 12-də keçirilib. İclas zamanı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi qəbul edilib. Daha sonra mətbuatda Əjdər Əliyevin Ali Məclisə seçkilərdə iştirak etmək üçün MSK sədrliyi vəzifəsindən istefa verməsi barədə xəbərlər yayılıb.
2020-ci ildə formalaşan Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü, 2-si isə bitərəf olub. Onlardan 10-u qadın, 35-i kişi olub.
20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsi ilə deputatların sayı 43-ə enib.
2020-ci ilin fevralın 24-də Ali Məclisin VI çağırışının birinci sessiyası baş tutub. Sesiyada VI çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilib. Vasif Talıbovun oğlu Seymur Talıbov da Ali Məclisin deputatlarından biridir. O, qanunverici orqanda hakim partiyanı təmsil edir.
Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədər Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlayıb. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqətən sədrin birinci müavini Azər Zeynalova həvalə edilib.
Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilib. Hazırda Məclis sədrinin səlahiyyətlərini Anar İbrahimov yerinə yetirir.
Modern.az-ın əldə etdiyi məlumata görə, YAP Ali Məclisə seçkilərdə Vasif Talıbov və Seymur Talıbovun namizədliyini irəli sürməyəcək. Partiyanın tezliklə namizədlərini açıqlayacağı gözlənilir.