Siyasət
Hakan Fidanın "sərhəd diplomatiyası" nə və edir? (ŞƏRH)
"Biznes maraqları olan yerdə siyasət arxa plana keçir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Hüseynov Türkiyənin xarici işlər naziri Hakan Fidanın "Türkiyə Ermənistanla sərhədi aça bilər" bəyanatını şərh edərkən deyib.
Azər Hüseynov bildirib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı daha da dərinləşdirməlidir:
"Türkiyə Ermənistanla sərhədləri açarsa, İrəvan nəfəslik əldə edə bilər. İqtisadi baxımından müstəqilliyini dərinləşdirər. Bununla da, onun sülh müqaviləsi imzalanmasına meyili azala bilər".
Politoloq qeyd edib ki, sərhədlər açılarsa, ermənilər Türkiyədə, türk biznesmenləri Ermənistanda iş qura bilər:
"Biznesin möhkəmləndiyi yerdə isə siyasətə biznesin maraqları təsir edir. Ona görə də, Türkiyə Ermənistanla sərhədləri açmamalıdır. Türkiyə və Azərbaycanın birliyi var. Türkiyə və Azərbaycana bir çox ortaq təhdid nöqtələri mövcududr. İlk növbədə, Qərb Azərbaycanı da təhdid edir, Türkiyəni də. Fransa olimpiada açılışında az qala Azərbaycanı işğalçı adlandırdılar. Digər qurumlar Azərbaycana qarşı sanksiyalar dilə gətirir. Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti Qafqazda Rusiyanın inhisarına son qoyub. Azərbaycanın geotəhdidlərdən qorunmasına zəmin formalaşdırıb".
Politoloq hesab edir ki, yeni türk dövlətləri konfiqurasiyasını Azərbaycan və Türkiyəsiz düşünmək mümkün deyil:
"Türkiyə Azərbaycanı nəzərə almalıdır. Hakan Fidanın açıqlaması onu deməyə əsas verir ki, Türkiyə Azərbaycanın maraqlarını nəzərə alır. Digər tərəfdən də Azərbaycan Türkiyə ilə münasibətlərin dərinləşməsinə davam etməlidir. Bu strateji olaraq birgə mövcudluğun zəruri şərtidir".
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan "Sabah" qəzetinə müsahibısində bildirib ki, İrəvanla Bakı arasında münasibətlər normallaşdıqdan sonra Türkiyə Ermənistanla sərhədi aça bilər. Hakan Fidan bəyan edib ki, Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir:
"Müsbət nəticə olacağı təqdirdə ssenari hazırlamalıyıq və bu istiqamətdə iş gedir. Normallaşma prosesi başa çatsa, müsbət ssenarini aktivləşdirəcəyik, yəni sərhəddəki qapıları aça bilərik".
Xatırladaq ki, iki ölkənin xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da sərhəddə görüşərək normallaşma prosesini ilkin şərt olmadan davam etdirmək niyyətlərini təsdiqləyiblər.
Siyasət şöbəsi