Siyasət

Türk səfir Azərbaycanın Tehrandakı səfirliyinin yeni binasına baş çəkdi

Türkiyənin İrandakı səfiri Hicabi Kırlangıç Azərbaycanın Tehrandakı səfirliyinin yeni binasına baş çəkib.  Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə X sosial şəbəkəsində yazıb. "Hörmətli həmkarım Hicabi Kırlanqıcı və ilk dəfə olaraq səfirliyimizə gələn və fəaliyyətini yeni ünvanda bərpa edən digər əməkdaşları salamlamaqdan çox məmnunam. Biz onlara səfərlərinə görə təşəkkür etdik və səfirliklərimiz arasında əməkdaşlığın davam etdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğuladıq”, - səfir yazıb.  Xatırladaq ki, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum edilib. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarıb, səfirlik əməkdaşlarına atəş açıb. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərib. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanıb. 30 yanvarda Azərbaycan səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilib və səfirliyin fəaliyyətini dayandırılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Nizami Bağırov