Siyasət

SOSİAL MEDİA - Paylaşım vasitəsi, yoxsa siyasi ALƏT?

Xəbər verdiyimiz kimi, Türkiyədə avqustun əvvəlindən başlayaraq “İnstagram” platformasına giriş məhdudlaşdılıb. Avqustun 9-da Venesuela Prezidenti Nikolas Maduro “X” sosial mediasında etdiyi paylaşımda ölkədə “X”-in fəaliyyətinin 10 gün müddətində dayandırılmasıyla bağlı qərar qəbul edildiyini qeyd edib. Son illər məhz  belə qadağaların artması tez-tez müşahidə edilir. Sosial şəbəkələrə blok qoyulması isə çox vaxt siyasi məsələlərlə əlaqələndirilir.  Yəni, sosial şəbəkələr paylaşım vasitəsidir, yoxsa siyasi vasitə?  Bizim.Media məsələ ilə bağlı siyasi şərhçi Tural İsmayılovun fikirlərini öyrənib.  Politoloqun fikrinə görə, “İnstagram” da daxil olmaqla bir çox sosial media demokratiyaya, fikir plüralizminə hörmət etmir:  “Bəzən beynəlxalq sosial medialar və media korporasiyaları müxtəlif ideologiyaların və siyasi fikirlərin təbliğat, təşviqat sahəsinə çevrilərək əks fikirlərə qarşı dözülməz addımlar atırlar. “X”, “İnstagram” və “Facebook” kimi sosial medialar paylaşılan məsələlərə qarşı diqqətli olmalıdırlar. Bəzən bir çox terror təşkilatlarının fikirləri  bu platformalarda rahat yayılarkən ölkələrin beynəlxalq münasibətlərlə bağlı mövqeləri, rəsmi qurumların hesabları ya məhdudlaşdırılır, ya da onlara qarşı anlaşılmaz qadağalar tətbiq edilir”. “Bu gün sosial medialar siyasi təsir alətinə çevrilir” “Rəngli inqilab ssenarilərini planlaşdıranların bir çoxu sosial şəbəkələri özlərinin əsas təsir platformasına çevirməyə çalışır”.  Siyasətdə sosial medianin yeri nə dərəcədədir? “Siyasətdə sosial medianın çox böyük rolu var, ancaq son dövrlərdə sosial mediaların fərqli fikirlərə qarşı dözümsüzlüyü, birmənalı şəkildə ancaq Qərbin maraqlarına xidmət edən siyasi institutları dəstəkləməsi, hətta bəzən terror təşkilatlarının sosial mediada at oynatması, amma Türkiyədəki bəzi siyasətçilərin HƏMAS-la,  İsmayıl Haniyə ilə bağlı paylaşımlarına qadağa qoyması sosial şəbəkələrin qeyri-səmimiliyini və obyetktivliyə xidmət etmədiyini göstərir’’, - deyə Tural İsmayılov sonda qeyd edib.  Nəzrin Mirzəyeva, Bizim.Media