Siyasət
Deputat olmaq istəyən fəhlə, kuryer, xadimə və çilingərlər...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürənlər arasında müxtəlif peşə sahibləri var.
Belə ki, hazırkı seçki marafonunda təkcə təhsil işçiləri, hüquqşünaslar, həkimlər, jurnalistlər deyil, eyni zamanda, fəhlə, xadimə, montyor, gözətçi, çilingər, kuryer və s. kimi peşə sahibləri də iştirak edirlər.
Modern.az maraqla qarşılanan həmin deputatlığa iddialı şəxslərin bəzilərini oxuculara təqdim edir:
3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən Abbasquliyev Famil və 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Mirzəyev Süleyman Naxçıvan Sukanalizasiya İdarəsində çilingər işləyirlər.
5 saylı Babək-Naxçivan-Culfa seçki dairəsindən Xudiyev Nazim Culfa şəhər su təmizləyici qurğular sistemində mühafizəçi kimi çalışır.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən namizədliyini irəli sürən Yusubov Emil Bakı şəhərində yerləşən "Pelican service" MMC-də kuryer-moderator kimi işləyir.
53 saylı Yevlax-Mingəçevir seçki dairəsindən Hidayətov Asif Yevlax rayonu, Aşağı Bucaq kənd körpələr evində uşaq bağçasının gözətçisi işləyir.
39 saylı Gəncə ikinci seçki dairəsindən Orucova Səfa 29 nömrəli tam orta məktəbdə xadimə çalışır. Həmin dairədən namizəd olan Məmmədov Taleh isə qaynaqçı işləyir.
51 saylı Şirvan seçki dairəsindən namizədliyi irəli sürülən İsmayilov Zöhrab fəhlə işləyir. 83 saylı Beyləqan seçki dairəsindən Məmmədov Sadiq isə "Azərişiq" ASC-də usta kimi çalışır.
123 saylı Kəlbəcər seçki dairəsindən namizəd olan Süleymanov Səxavət də fəhlədir.
Bununla bərabər namizədlər arasında işsiz və pensiyaçı olan şəxslər də var.
Qeyd edək ki, növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.