Siyasət

"Putin Bakıda bu məsələləri müzakirə edəcək" - Ekspert

"Putinin Bakıya səfəri əslində fövqəladə bir hadisə deyil".  Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Rusiya Prezidenti Vladimir Putinin Bakı səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən deyib. "Putinin ölkəmizə səfəri əvvəlcədən nəzərdə tutulmuşdu. Təxminən iki aya yaxındır ki, Putinin bu səfərinə hazırlıq gedirdi. Ona görə də həmin səfəri birbaşa hansısa hadisələrlə bağlamaq düzgün olmazdı. Səfər çərçivəsində əsas danışıqlar predmeti ilk növbədə iqtisadi münasibətlər olacaq. Tərəflərin icrasına çalışdıqları bir sıra layihələr var ki, onların arasında da enerji layihələri və loqistika məsələləri üstünlük təşkil edir", deyə ekspert bildirib.    Mehman Əliyev qeyd edib ki, görüşdə regional stabillik məsələsi də müzakirə predmeti ola bilər: "Belə ki, Rusiya üçün Cənubi Qafqaz regionunda stabilliyin təmin olunması önəmli məsələdir. Nəzərə alaq ki, Ukrayna müharibəsi davam edir. Habelə, Dağıstanda son zamanlar baş verənlər də göstərir ki, Şimali Qafqaz da gərginlik qalmaqdadır. Yəni tərəflərin müzakirə edəcəyi əsas məsələlər yuxarıda qeyd etdiklərimdir". Qeyd edək ki, yola saldığımız bazar günü Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlib. Onun Bakıda iki gün olacağı gözlənilir.  Rüfət Sultan