Siyasət
Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyinə ehtiyac varmı? - Ekspert
"Vladimir Putinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmizə gəlişi ümidverici deyil. Bu baxımdan Moskvanın vasitəçilik missiyasının perspektivi görünmür".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin regionda hansı yeniliklərə gətirib çıxaracağı məsələsini şərh edərkən deyib.
Onun fikrincə, Putinin Azərbaycana səfəri bir qədər fors-major oldu:
"Bu, bəlkə də onun təhlükəsizliyilə bağlıdır. Putinin ölkəmizə səfəri beynəlxalq güclər tərəfindən Rusiyanın daha da tədric edilməsi fonunda baş verib. Belə vəziyyətdə Putin alternativ yollar, alternativ əməkdaşlıq imkanları axtarır. Ona görə də Bakıya hökumətin demək olar ki, tam heyətilə gəlmişdi. Bir sıra sahələr üzrə münasibətlərin daha da dərinləşməsi üzrə sənədlər imzalandı".
Ekspert bildirib ki, son zamanlar ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüsünü öz əlinə almaq istəyir:
"Qərb COP29-a qədər sülh müqaviləsinin bağlanmasına çalışır. Lakin Qərb eyni zamanda, Ermənistanı silahlandırır. Bütün bunları Moskva da görür".
Konfliktoloq hesab edir ki, Rusiyanın moderatorluğu ilə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsi bir qədər sual altındadır:
"Çünki Ermənistan dövlət olaraq Rusiya layihəsidir".
Ekspertin fikrincə, Moskva Ermənistanı tam itirməmək üçün Azərbaycandan təkidli şəkildə kompromislər tələb edir:
"Qarabağ İqtisadi Rayonunda Rusiya konsulluğunun açılması məsələsi ətrafında israrlı söhbətlər gedir. Bu isə rus sülhməramlılarının oradan çıxarılması fonunda bir qədər qəribə hərəkətlənmədir. Konsulluq o halda açılır ki, onu açmaq istəyən ölkənin həmin dövlətdə bəlli sayda icması olsun. Ancaq Qarabağda heç bir rus əhalisi yaşamır. Deməli, Rusiya yumşaq güc səviyyəsində bölgəyə nəzarəti əldən buraxmaq istəmir".
Ekspert düşünür ki, konsulluğu açdıqdan sonra, Moskva vaxtilə Qarabağda yaşamış erməni əhalisinin geri dönüşünə çalışacaq:
"Çünki Rusiya neoimperalist ölkə olaraq həmin ərazidə ruslar və onlara yaxın xalqların mövcudluğuna nail olmaq istəyir ki, onlardan təhdid qrupu kimi istifadə etsin. Bu baxımdan Rusiyanın moderatorluğu ilə sülh müqaviləsinin başlanması Azərbaycana rəvan münasibətlər vəd etmir. Daha çox çalışmalıyıq ki, Ermənistanla birbaşa danışıqlar olsun. Ona görə də Putinin Bakıya gəlişi və Rusiyanın moderatorluğu ilə sülh müqaviləsinin tezliklə bağlanacağının perspektivini gözləmirəm. Azərbaycan Rusiya siyasi birlik məsələsi mümkünsüzdür".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin avqustun 18-19-da Bakıda səfərdə oldu. Səfər çərçivəsində tərəflər arasında bir sıra sənədlər imzalandı. İndi ictimaiyyəti düşündürən əsas məsələlərdən biri Putinin bu səfərindən sonra bölgədə hansı yenilik və dəyişikliklərin ola biləcəyi məsələsidir.
Rüfət Sultan