Siyasət

Deputatlığa namizəd Günay Ağamalı Salyanda seçicilərlə görüşdü – FOTO/VİDEO

Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə görüşüb.  Bizim.Media xəbər verir ki, görüşdə ilk olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına Şəhadətə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Günay Ağamalının vəkilləri Əməkdar müəllim Fərqanə Cəbrayılova və Günaydın Əhədova namizədin tərcümeyi-halı və fəaliyyəti haqqında görüş iştirakçılarına geniş məlumat veriblər.  Görüşdə çıxış edən Günay Ağamalı salyanlıların hər zaman xalqına, dövlətçiliyinə çox bağlı və qonaqpərvər olduqlarını söyləyib. Günay Ağamalı təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi bütün görüşlərdə salyanlılardan böyük dəstək, səmimi münasibət gördüyünü və bunun onda qürur doğurduğunu böyük məmnuniyyətlə etiraf edib. O, deputatlığa namizədliyinin Ana Vətən Partiyası tərəfindən 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə irəli sürüldüyünü bildirərək, Ulu Öndərimizin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərini, müasir Azərbaycan dövlətinin banisi və memarı olduğunu və bu siyasi irsin davamçısı, Azərbaycanımızı dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevirən cənab Prezident İlham Əliyevin və Onunla hər zaman birgə olan və qoşa addımlayan, dövlətçiliyimizə ciddi töhfələr verən birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti üzərində də geniş dayanıb.  O, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində həmrəylik nümayiş etdirərək, xalq-dövlət-ordu birliyi ilə düşmən üzərində əldə etdiyi tarixi Qələbəni iftixar hissi ilə görüş iştirakçılarının diqqətinə çatdırıb.  Daha sonra Günay Ağamalı seçki platformasının vacib məqamları üzərində dayanaraq söyləyib ki, əgər etimad qazanıb deputat seçilərsə, səlahiyyətləri çərçivəsində seçicilərin problemlərinin həllində fəal iştirak edəcək, hər zaman onlarla bərabər olacaq.  Günay Ağamalının seçicilərə xitabən söylədiyi “Gəlin, birlikdə millətimizə, dövlətimizə sədaqətlə xidmət edək” sözləri görüş iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.  Günay Ağamalının 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində görüşləri davam edir.  Bizim.Media