Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva avqustun 23-də Daşkənddə “Mexrli” məktəbi ilə tanış olublar. Bizim.Media xəbər verir ki, birinci xanımlara məktəb barədə məlumat verilib.
Bildirilib ki, Uşaq Hematologiya, Onkologiya və Kliniki İmmunologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən məktəbdə fasiləsiz və keyfiyyətli təhsili təmin etmək məqsədilə uzun müddət xəstəxanada müalicə alan və adi məktəbə və ya uşaq bağçasına gedə bilməyən uşaqlara məktəbəqədər, o cümlədən ümumi orta təhsil verilir. Məktəb həm də valideynlərin bu prosesə cəlb edilməsi ilə uşaqların tam reabilitasiyasına və sosiallaşmasına şərait yaradır. Tədris prosesində sırf rəqəmsallaşdırılmış dərslik və kitablardan istifadə olunur. Qeyd edilib ki, Mərkəzdə müalicə alan 1-11-ci sinif şagirdləri üçün ümumi orta təhsil Təhsil və Elm Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı və təhsil proqramlarına uyğun olaraq ayrıca hazırlanmış kurikulum əsasında 12 fənn üzrə həyata keçirilir. Məktəbin yaradıcılıq studiyasında uşaqlara musiqi və təsviri incəsənət fənnləri öyrədilir. Sonra birinci xanımlar uşaqlarla görüşüblər və onların əl işləri ilə tanış olublar. Sonda xatirə şəkili çəkdirilib. Bizim.Media