Digər
Kapitan, zamanın sizin tərəfinizdə olmadığını deyənlərə inanmayın
Şair-Kapitan Faiq Balabəylini 1990-cı illərdən, azadlıq uğrunda mübarizə aparan xalq hərəkatının aparıcı simalarından biri kimi tanıyıram.
Prinsipiallığı, yurdsevərliyi vətənpərvərliyi ilə tanınan dənizçi-şair həm də təəssübkeşliyi ilə seçilib, fərqlənir. Faiq dənizçiliklə yanaşı həm də yaradıcı şəxsdir. 10-dan çox kitabın, yüzlərlə məqalə və şeirlərin, povest və hekayələrin, publisistik əsərlərin müəllifidir.
Bir mənalı olaraq demək olar ki, hər iki sahəyə olan sevgisi ilə o, bu günə qədər həm yazar olaraq, həm də daha çətin bir peşə olan dənizçilik sahəsində ucalmağı bacarıb. Dənizə və dənizçiliyə olan sevgisi onun yaradıcılığında xüsusi yer tutur. "Dənizçilərimiz vətən müharibəsində”, "Bakı buxtası - 20 Yanvar”, "Dənizçi həyatı”, "Kəsilməyən həyacan fiti, "Yaşıl yuxulu dəniz” və s. kitablarını ərsəyə gətirərək oxuculara təqdim edib.
Şeirlərində mənim xoşuma gələn ən çox fikirlər dənizdən uzaq bir sahəyə ayrılsa da, o, sanki nənənəvi olaraq yenə də hansısa anlarda dənizçi sevgisini, dənizçi qəhrəmanlığını canlandırmağa çalışmasıdır:
Şuşanın geri alınması haqda yazdığı şeirdə:
Dostum Xaqan dənizdə dözmədi,
qalxdı sinənə,
Səndən yan keçsin deyə, düşmən gülləsi
özünü sipərtək taxdı sinənə.
Döyüşə-döyüşə tapdı şəhadət,
ruhu səndə qaldı,
adını götürüb gəldi dənizə,
gəmiyə çevrildi, üzdü, Şəhərim.
Ruhu quşa döndü başının üstə
sərgərdan-sərgardan gəzdi, Şəhərim,
Axır ki, qayıtdıq, gözlərin aydın...
Şair-publisist Faiq bəyin şeirləri rəngarəngliliyi ilə seçilir. O, təkcə yaşadığı keçmişini, arzularını qələmə almır, eyni zamanda qəhramanlığı, gözəlliyi, sevgini və hətta dənizin sərt təlatümünü, bəzən də uşaq şıltaqlığına qədər tərənnüm edə bilir:
Dənizə nə olub, görəsən, yenə
Qağayılar dövrə vurub qışqırır,
Nə olubdur, söylə sənə, dənizim.
Külək əsir, dalğaların hayqırır
Tutqun olur yavaş-yavaş bənizim
Nə olubdur, söylə sənə, dənizim.
Bir-birini qovur müdhiş dalğalar
Dor ağacı sağa, sola yellənir.
Bir gözəl qız sahilində dayanıb
Külək əsir ala gözü nəmlənir
Ürək dözmür, yada salır, qəmlənir.
Gücünə bax uğuldayan xəzrinin
Nəhəng buruq ləngər vurur, dayanır.
Radist oğlan tez aparır əlini
"Sos” yazılmış düyməsində saxlayır,
düşünürsən; ölüm səni haqlayır.
Şair-kapitan Faiq Balabəylinin yaradıcılığı haqqında uzun-uzadı yazmaq olar. Lakin şeiriyyat aləmini sevsəm də, bu sahədə dərin biliklərə nail olmadığıma görə, şairin poeziyasındakı incəliklər haqqında peşəkarların fikirlərinə üstünlük verirəm.
Şair Faiq Balabəyli təkcə yazar və gəmi kapitanı kimi yox, həm də gözəl təşkilatçılıq qabiliyyətinə malikdir. "Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin yaratması və sədri olduğu bu QHT ilə dənizçilərin bir araya gəlməsinə səbəb oldu. Birliyin sosial şəbəkədəki qrup səhifəsində hər bir dənizçi öz şikayət və təkliflərini, bacarıqlarını, hətta yaradıcılıqlarını işıqlandıra bilir. DSD İB mütəmadi olaraq dənizçiləri maraqlandıran problemləri işıqlandırır və lazım gəldikdə Gəmiçilik rəhbərliyi qarşısında qaldıraraq müvafiq həllini tapmağda səylərini göstərməkdədir.
Birlik köməyini təkcə dənizçilərə deyil, vətən müharibəsi zamanı döyüş bölgələrinə müxtəlif növ yardımların çatdırılmasında da müəyyən xidmətlərlə yadda qalır. Bir çox layihələrin gerçəkləşməsində mühüm rol oyanayan Birlik qəhrəmanlıq dastanı yazan əsgərlərimizə maddi və mənəvi dəstək göstərməkdə fəallığı ilə seçilən QHT-dir.
Şair dostumun, kapitan həmkarımın yubiley yaşı ilə bağlı yazdığım məqaləmi şair Nüsrət Kəsəmənlinin şeiri ilə davam etdirirəm:
Dağ başına qar gəlir,
Yollar izlər dar gəlir.
Dünən düşündüklərin
Bu gün sənə ar gəlir,
Yaş 60-a çatanda.
Dərədən duman keçir,
Keçir, nə yaman keçir.
Dünən gəl-gəl deyənlər
Bu gün səndən yan keçir,
Yaş 60-a çatanda.
Ağrılar cana keçir,
Baхmayır, qana keçir.
Хəyalından uşaqlıq,
Könlündən ana keçir
Yaş 60-a çatanda.
Əziz Faiq, istedadlı şair - kapitan, 60 yaşında zamanın sizin tərəfinizdə olmadığını söyləyənlərə qulaq asmayın. Əsrin tamamlanmasına hələ 40 il var. Bu gün 60 illik yubileyinizlə başlayan günün hər dəqiqəsini yaşayın. Ən əsası isə, özünüz demişkən, çox yaşayın, xoş yaşayın, deyirəm və ünvanınıza olan xoş arzularımı poetik dillə də çatdırıram.
Altında sirri var minlərlə daşın
Dostların yaxşısı olsun sirdaşın.
Sənə arzulayır bax bu qardaşın
Əsas sağlıq olsun,bir də məhəbbət.
Şair, mübarəkdir 60 yaşın!
Şair vurğunudur kipriyin, qaşın,
Vəsf edər kiprikdə sevinc göz yaşın.
Görməsin dərd bəla, Faiq bəy, başın
Ürəyin sağ olsun, qolunda qüvvət,
Şair, mübarəkdir 60 yaşın!
Bilirəm yoxundur çoxlu daş-qaşın,
Baş verir hərdən bir həyat savaşın,
Heç zaman olmasın şübhən, təlaşın,
Hələ 100 yaş səni gözləyir əlbət
Şair, mübarəkdir 60 yaşın!
Kapitan Seyfulla ƏLİYEV