Siyasət
Azərbaycanda son illərdə olan siyasi dəyişiklik nədən ibarətdir? - Vəkil, namizəd Sərdar İsmayılov
Məlumdur ki, yenilənən Azərbaycanda siyasi dəyərlər, formalar, addımlar da yenilənir. Rahatlıqla demək olar ki, artıq Azərbaycanda dövlət quruculuğunun yeni bir mərhələsi başlayıb.
Xüsusi ilə də Qarabağ işğaldan azad edilməsindən sonra hərbi doktrinada və milli təhlükəsizlik konsepsiyasında qarşıya qoyulan hədəflər, nəzərdə tutulan dövlət əhəmiyyətli, taleyüklü məsələlər əksərən öz həllini tapmışdır.
Bununla da müasir Azərbaycan tarixində çox önəmli və ibrətamiz bir mərhələ qapanmış, yeni, daha məsuliyyətli, qürurlu dövr başlamışdır.
Dövlət başçısı verdiyi müsahibələrdə, açıqlamalarda cəmiyyətimizin ziyalılarına, ictimai xadimlərə milli ideyanın yeni inkişaf istiqamətləri barəsində ən müxtəlif səviyyələrdə müzakirələrə başlaması barəsində tövsiyələrini bəyan etmişdir.
Yeni dövrdə, yeni siyasi quruculuqda məhz hüquqi dövlət quruculuğunun daha intensiv və ardıcıl şəkildə həyata keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Bütün bunları isə görməmək mümkün deyil.
İstənilən sahədə gedən dəyişikliklər dövlət orqanlarında da açıq-aşkar görünür. Belə ki, hüquq-mühafizə və ədliyyə orqanlarının, məhkəmələrin işinin daha demokratik, mütərəqqi dəyərlərə uyğun təşkil edilməsi, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakçılıq nisbətinin artırılması, individual yanaşma, vətəndaşların köklü hüquqi problemlərinin həlli istiqamətində yeni dövr başladılmışdır.
Uzun illərdən bəri müəyyən obyektiv və subyektiv səbəblərdən dolayı yığılıb qalmış və həllini gözləyən məsələlərlə bağlı yerlərdə müvafiq istiqamətdə proseslərə təkan verilmişdir.
Bu mənada, qarşıya qoyulan hədəflərə çatmaq və yeni dövrün çağırışlarına səs verə bilmək üçün gənc, enerjili, müstəsna intellektual keyfiyyətlərə malik, vətən, millət eşqi ilə yaşayan kadr resurslarına ehtiyac duyulur.
Respublikanın ən müxtəlif ali təhsil ocaqlarında və dünyanın nüfuzlu ali məktəblərində təhsil görmüş milli kadrların mütəşəkkil qaydada səfərbər edilməsinə, onların ixtisasa uyğun formada təyinat və öhdəlik götürməsinə zəmin yaradılmalıdır.
Hüquqşünaslar, sosioloqlar, iqtisadçılar, maliyyəçilər, siyasi elmin əsaslarına yiyələnmiş digər humanitar və dəqiq elmlərin mütəxəssisləri iş başına keçməli, vətən qarşısında öz müqəddəs borclarını yerinə yetirməlidirlər. İslahatlar ərazi bütövlüyünün tam təmin olunduğu və Respublikanın həyat fəaliyyətinin ən müxtəlif sahələrində keyfiyyət, məzmun dəyişikliyinin baş tutduğu bir vaxtda dövlətimizi sivil dünyanın bir parçasına çevirmək, dünyanın qabaqcıl ölkələri sırasına doğru yerdəyişmə etməsinə zəmin yarada bilər.
Bəli, Azərbaycan məmur aparatı artıq Qarabağlı Azərbaycan üçün gecəsinə-gündüzünə qatıb çalışmalıdır. Qarşımızda tərəqqimizi tormozlayacaq heç bir əngəl qalmamışdır. Çoxşaxəli, çoxvektorlu, elastik və mozaik inkişaf xəttini izləyə bilmək potensialına malikik.
Bu səbəbdən, gənclərin müqəddəs amal uğrunda vahid ideya ətrafında səfərbər olması gərəkdir. Bunun üçün siyasi iradə, sosial-ictimai şərait və sifariş var. Ən yüksək səviyyədə bu prosesi həyata keçirmək üçün lazım olan dəstək mövcuddur.