Siyasət

Amerikalı konqresmenlər Şeyx Nəsrullah ROLUNDA - Onlar hansı ölünü diriltmək İSTƏYİRLƏR?

Amerikalı siyasi işbazlar yenə iş başındadır. ABŞ-dakı erməni diasporunun güclü maliyyə dəstəyi ilə bəzi konqresmenlər anti-Azərbaycan ruhlu yeni bir layihənin icrasına başlamaq istəyirlər. Belə ki, ABŞ Konqresi qondarma “Artsax”la bağlı ermənilərlə birlikdə tədbir keçirəcək. Konqres liderləri, icma fəalları və koalisiya tərəfdaşları sentyabrın 19-da Kapitoli təpəsində toplanacaqlar. Sərsəm açıqlamanı yayanlar qeyd ediblər ki, tədbir iştirakçılarının toplanmasında məqsəd 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın hərbi hücumunun birinci ildönümünü qeyd etməkdir. Amerikalı konqresmenlər nədən narazıdır? ABŞ konqresmenləri üçün lobbiçilik etmək normal hadisədir. Onlar pul müqabilində lap şeytana belə vəkillik edərlər. Amma burada bir məsələ var. Konqresmenlər yalnız Vaşinqtondan gələn tezislərə uyğun olaraq hərəkət edir, özlərinə “qurban”lar seçirlər. Nə təsadüfdürsə, amerikalı konqresmenlərin qurbanı çox zaman ermənilər olur. Bu da əslində çox məntiqlidir.  Çünki “tamahkarı yalançı aldadar”.  Hər kəs bilir ki, Qarabağ münaqişəsi artıq keçmişin məsələsidir. Hazırda Azərbaycanda bu mövzuda heç bir müzakirə aparılmır. Yəni bu olmuş, bitmiş bir məsələdir. Bu gün Azərbaycan daha qlobal məsələlər üzərində çalışır.  Di gəl ki, Azərbaycanın bu qətiyyəti bəzi güclərin, eləcə də ABŞ-ın xoşuna gəlmir. Ağ Evdəkilər də öz etirazlarını və çirkin planlarını "marionetka" konqresmenlərin vasitəsi ilə ifadə edirlər. Üstəlik, bu çirkin planların icrası üçün erməni diasporundan külli miqdarda pul da alınır.  Şeyx Nəsrullahın Amerika versiyası Əslində, ABŞ konqresmenlərin ideyası məşhur “Ölülər” tragikomediyasını xatırladır. Həmin əsərdəki Şeyx Nəsrullah və Şeyx Əhməd ölü diriltmək adı ilə cahil zümrənin qanını içir, pulunu alırdılar. Sonda isə yalanlarının ifşa olacağı qorxusu ilə gecənin birində yoxa çıxırdılar.  İndi də ABŞ konqresmenləri erməni diasporunu aldadırlar ki, ölmüş “Artsax”ı dirildəcəklər. Amma bunun üçün bir qədər xərc lazımdır. Təbii ki, xərci də erməni diasporu çəkməlidir. Hələki erməni diasporu da konqresmenləri yedirib-içirdir, hətta onlara müəyyən qonorar da verir.  Ancaq Şeyx Nəsrullahdan fərqli olaraq, konqresmenlərin aradan çıxacağı tarix məlumdur. Sentyabrın 20-dən 21-ə keçən gecə konqresmenlər aradan çıxacaqlar. Bir müddət həmin konqresmenlər ermənilərdən uzaq qaçacaqlar. Batan isə erməni diasporunun pulları olacaq.  ABŞ-ın siyasi dairələri nəyi hədəfləyir? Təbii ki, bu tip layihələrin digər hədəfi hansısa dövlətə qarşı siyasi təzyiqləri gücləndirməkdir. Məlumdur ki, Azərbaycan gücündən asılı olmayaraq, hər ölkə ilə öz dilində danışır.   Elə amerikalı hərbçilərin Zəngəzur bölgəsinə yerləşməsinə bu gün davamlı etiraz edən yeganə ölkə Azərbaycandır. ABŞ-ı özünün əzəli və əbədi “düşmən”i elan edən İran və ya digər region ölkələrin heç biri Azərbaycan qədər bu məsələdə qətiyyətli deyil. Təbii ki, Azərbaycanın qətiyyəti də ABŞ-ı ciddi şəkildə narahat edir. Ona görə də Vaşinqtondakılar Azərbaycanı Qarabağ məsələsi ilə "vurmaq" istəyirlər.  Ancaq ABŞ-ın seçdiyi taktika çox perspektivsiz və bəsitdir.  Çünki 2023-cü ilin sentyabrın 19-dan 20-ə keçən gecə Xankəndi və ətraf ərazilərdə dinc sakinlərə heç bir zərər vurmadan Ermənistan hərbi birləşmələrinə qarşı lokal antiterror tədbirləri keçirmişdi. Bununla paralel, Azərbaycan dəfələrlə bəyan etmişdi ki, hərbi əməliyyatlarda iştirak etməyən və 1989-cu ilə qədər Qarabağda yaşayan istənilən erməni yeni qaydalarla qalıb yaşaya bilərlər.  Lakin Qərbin yalançı vədlərinə inanan ermənilər sentyabrın 20-dən sonra Qarabağı tərk etdilər. Yəni ermənilər Qarabağdan qovulmadı. Sadəcə ermənilər belə seçim etdi. Beləliklə də hər şey öz ədalətli həllini tapdı. Hadisədən bir il keçəndən sonra bir neçə konqresmenin ermənilərlə birgə Kapitoli təpəsinə çıxması bu mənada heç bir məna və məntiq kəsb etmir. Bu olsa-olsa konqresmenlərin yeni pul qazanmaq layihəsidir. Bu məsələdə ermənilərin və ABŞ-ın bəzi siyasi dairələrinin gözləntiləri isə yersiz və absurdur. Surxay Atakişiyev, Bizim.Media