Siyasət
Sülh sazişi: Ermənistanla tam razılaşdırılmamış 3 bəndə nələr daxildir?
"Qismən razılaşdırılan 3 bəndə Ermənistanda konstitusiya dəyişikliyi, sərhədə aid məsələlər və kommunikasiya mövzuları daxildir".
Qaynarinfo-ya açıqlamasında bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın İrəvan və Bakının sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırdıqları barədə səsləndirdiyi bəyanatını şərh edərkən deyib.
"Fikrimcə, layihədə qismən razılaşdırılmış 3 bənd sülh sazişi üzrə ən əsas məsələlərdən ibarət olan bəndlərdir. Bu sənəd çərçivə sənədi olsa da, orada bəzi məsələlər öz əksini tapmalıdır. Məsələn, burada Ermənistanın konstitusiyasına dəyişikliklər etməklə bağlı öhdəliyi olmalıdır ki, sülhə nail olunsun. Yəni konstitusiya dəyişikliyi öhdəlik kimi sülh sazişi bəndlərində öz əksini tapmalıdır", deyə Tofiq Zülfüqarov bildirib.
Onun fikrincə, başqa bir tərəfdən, sərhədə aid məsələlər də açıq qalmaqdadır:
"Qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımaq mümkündür. Ərazi bütövlüyü də delimitasiya və demarkasiya prosesi bitəndə formalaşacaq. Amma Ermənistan istəyir ki, indiki mərhələdə nəyəsə nail olsun. Üçüncü bənd isə ola bilsin kommunikasiyalara aid mövzularla bağlıdır. Bu məsələ də orada öz əksini tapmalıdır".
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakının sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırdıqlarını bildirib. Mirzoyanın sözlərinə görə, tərəflərin bu sənədi ən qısa müddət ərzində imzalaması üçün imkan var.
Rüfət Sultan