Siyasət
"Paşinyan gündə üç dəfə fikrini dəyişir" - Tokayevin təklifi qəbul edilə bilərmi?
"Qazaxıstan platforması danışıqların gedişinə müsbət təsir göstərə bilər, ancaq İrəvanın buna razılıq verəcəyinə inanmıram".
Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Qulamhüseyn Əlibəyli Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Bakı ilə İrəvan arasında danışıqlar üçün Astananın platforma rolunu oynaya hazır olduğu barədə fikirlərini şərh edərkən deyib.
"Birmənalı olaraq türkdilli dövlətlərlə əlaqələrimizi genişləndirməliyik. Türk dövlətləri də prinsip etibarı ilə Azərbaycanın haqq işini müdafiə edir. Astana əvvəllər də sülh danışıqlarında platforma rolunu oynaya biləcəyini bəyan edib. Türk dövlətlərindən biri neytral statusda qalmaqla danışıqların aparılması, sənədlərin imzalanması üçün yer ola bilər. Hesab edirəm ki, danışıqların aparılması məkanı olaraq Astana da məqsədəuyğun variantlardan biri ola bilər. Gürcüstan da təxminən eyni məsələ ilə çıxış edib. İndi yer seçimi daha çox Ermənistandadır. Azərbaycan dəfələrlə bildirib ki, harda görüşməyin, sənədlərin harda imzalanmasının prinsipial əhəmiyyəti yoxdur", deyə Qulamhüseyn Əlibəyli bildirib.
Həmsöhbətimizə görə, Qazaxıstan görüşü danışıqların gedişinə müsbət təsir göstərə bilər:
"Danışıqların Qazaxıstanda da aparılması tamamilə mümkün olan məsələdir. Onun danışıqların gedişinə, atmosferə müsbət təsiri ola bilər. Astananın işə qarışmaması şərtilə hər iki dövlət başçıları orada öz fikirlərini bildirə bilərlər".
Amma ekspert Ermənistanın danışıqlar üzrə Qazaxıstan platformasına müsbət yanaşacağına inanmır:
"Paşinyan gündə üç dəfə fikirlərini dəyişir. Yəqin ki, onlar bu yaxınlarda irəli sürdükləri sərhəddə görüş variantına daha çox önəm verirlər. Ümumiyyətlə, ermənilər danışıqlardan boyun qaçırmaq üçün istənilən varianta üstünlük verə bilərlər".
Qeyd edək ki, sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.
Prezident İlham Əliyev də Azərbaycan üçün Astanada iki ölkə arasında danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Rüfət Sultan