Siyasət
Azərbaycanda İslam dininin millətlərarası münasibətlərdə rolu...
(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb)
Heç kimə sirr deyil ki, Azərbaycan dövləti dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişafında dünyaya örnək olacaq bir ölkədir. Azərbaycanda yaşayan bütün millət və xalqlar bir-birilə mehriban, dostlıq şəraitində yaşayır. Ölkəmizdə millətlərarası münasibətlərdə dözümlülük, bir-birinə hörmətlə yanaşmaq ən yüksək səviyyədədir.
Aydın məsələdir ki, millətlərarası münasibətlərin inkişafında Azərbaycan dövlətinin mühüm rolu var. Amma eyni zamanda, bu prosesin inkişafında digər təşkilatlar da mühüm rol oynayırlar. Bu mənada Azərbaycanın mənsub olduğu İslam dini də millərlərarası münasibətlərin inkişafına mühüm töhfə verir.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında dinşünas alim Seyid Camal Əzimbəyli qeyd edir ki, Azərbaycanda millətlərarası münasibətlərin inkişaf etdirilməsində müqəddəs İslam dininin misilsiz xidmətlərinin olduğunu hər kəs bilir:
"Çünki İslamın gətirdiyi qaydalar, onun təməl prinsiplərinə bələd olan hər kəs bilir ki, İslam dini mərhəmət, rəhmət, şəfqət, qardaşlıq dinidir. Bu dindən nəsibini alan, mənəvi tələbatını ödəmək üçün onun ruhu ilə qidalanan Azərbaycan xalqının mütləq əksəriyyəti ölkəmizdə yaşayan digər millətlərdən olan vətəndaşlarla hər zaman mehribanlıq, dostluq, qardaşlıq səviyyəsində davranıblar. Bu davranışla yanaşı, Azərbaycan dövlətinin həmin dəyərlərin qorunmasında misilsiz xidmətlərinin ən böyük uğuru Qarabağın azadlığı uğrunda gedən müharibədə digər millətlərin nümayəndələri olan Azərbaycan vətəndaşlarının da Şəhid və Qazi olmasıdır”.
O baxımdan da həmsöhbətimiz düşünür ki, dini dəyərlərə sahiblənən və mənəvi dəyərlərə söykənən xalqımız dindən irəli gələn prinsiplərə riayət edərək hər zaman millətlərarası münasibətlərin, birgəyaşayış və tolerantlığın yüksələn xətt üzrə inkişafına mühüm töhfələr verib:
"Mərhəmət, rəhmət hissləri əsirlərdir ki, Azərbaycan xalqının genefondundan irəli gəlir. Dünyəvi ölkə olan Azərbaycanda millətlərarası, dinlərarası, məzhəblərarası münasibətlərin qorunmasında birbaşa təminatçı rolunu oynayan Azərbaycan dövlətidir. Hesab edirəm ki, bu istiqamətdə xüsusən də gənclərimizin maarifləndirilməsi vacibdir. Çünki Azərbaycan o ölkədir ki, özünü dünyada sülh və əmin-amanlığın carçısı kimi tanıdıb. Bir sıra başqa ölkələr bu barədə ancaq sözdə danışır, əməldə isə belə davranışların şahidi olmuruq. Azərbaycanda isə əməli şəkildə ölkəmizdə yaşayan digər millət və xalqların da haqları qorunur. Bu yöndə dinimizin də misilsiz xidmətləri var. Digər millətlərə münasibətdə İslam dininin prinsipləri olan birgəyaşayış, dözümlülük, mehribanlıq, vəhdət prinsiplərindən də istifadə etməliyik və edirik”.
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.