Rusiya qüvvələri oktyabrın 1-də səhər saatlarında Ukraynanın Xerson şəhərində ictimai nəqliyyat dayanacağına və bazarlardan birinə artilleriya zərbəsi endiriblər. Bizim.Media xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının sədri Aleksandr Prokudin özünün "Telegram" kanalında yazıb. "İşğalçılar Xersonun mərkəzindəki bazara hücum ediblər. Səhər xersonluların məhsul aldığı və ya satdığı ticarət nöqtələri zərbə altında qaldı", - deyə o bildirib. Daha sonra prokurorluq bildirdi ki, Xersonun mərkəzinə artilleriyadan zərbə endirilib. Hücum nəticəsində üç qadın və dörd kişi olmaqla yeddi nəfər həlak olub. Həmçinin üç şəhər sakini yaralanıb, onlara tibbi yardım göstərilir. Bizim.Media